Sumqayıt Dövlət Dram Teatrında Birinci Qarabağ müharibəsinin əfsanəsi, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova (1971–1992) həsr olunmuş “Ölməz” adlı monotamaşa hazırlanır.
Teatrdan verilən məlumata görə, Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək.
Tamaşada Natiq Qasımovun qəhrəmanlığından geniş bəhs edilir. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağa razılaşır. O, hətta təslim olduqda belə Azərbaycan bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.