Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə Qazaxıstanın Kostanay şəhərində keçirilən “MONOFEST” teatr festivalında iştirak edib.

Teatrdan bildirilib ki, festivalda mayın 16-da nümayiş olunan “Kontrabas” tamaşası bədii konsepsiya və parlaq ifa harmoniyasına və tamaşaçı rəğbətinə görə mükafatlara layiq görülüb.

Qeyd edək ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçı Əməkdar artist Şövqi Hüseynovdur.

Sarkazm və yumoristik məqamlarla zəngin tamaşada qəhrəmanın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan əvvəlcə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.