Salyan Dövlət Rəsm Qalereyasında “Mirzə Qədim İrəvani – 200” adlı rəsm müsabiqəsi keçirilib.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Salyan rayon komitəsinin dəstəyi ilə keçirilən tədbirdə rayondakı müəssisələrin rəhbərləri, ziyalılar, rəssamlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, MİHİ Salyan rayon komitəsinin sədri Vəfa Məmmədova və başqaları çıxış edərək Mirzə Qədim İrəvaninin (1825-1875) Azərbaycan rəngkarlığının təşəkkülündəki əhəmiyyətli rolundan söz açıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, rəssamın 200 illiyi ölkəmizdə və ölkə xaricdə müxtəlif tədbirlərlə qeyd edilir.
Bildirilib ki, 3 yaş (7-10, 11-15, 16-20) kateqoriyası üzrə keçirilən müsabiqənin şərtlərinə əsasən, rəssamlar Qarabağ, Zəngəzur, İrəvan şəhəri və Mirzə Qədim İrəvani mövzuları üzrə müxtəlif texnikalarla realist üslubda əsərlər çəkiblər. 7-10 yaş kateqoriyası üzrə Siyasət Bünyatov (Salyan Dövlət Rəsm Qalereyası) I, Məhəmməd Qurbanov (Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəbi) II yerlərə layiq görülüblər.
11-15 yaş arasında Zəhra Sadıqlı (Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbi) və Tərbiyə Gözəlli (Arbatan kənd E.Ağayev adına tam orta məktəbi) I, Pərvin Ələkbərli (Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbi) və Məryəm Məmmədova (Salyan Dövlət Rəsm Qalereyası) II, Əsmər Nəcəfli (Arbatan kənd tam orta məktəbi), Nərmin Əliyeva (Marışlı kənd Ramiz Qafarov adına tam orta məktəbi) və Anar Abıyev (Salyan Dövlət Rəsm Qalereyası) III yerləri qazanıblar.
16-20 yaş arasında isə Əsma Əliyeva (Salyan Uşaq-Gənclər İnkişaf Mərkəzi) və Nərmin Məmmədova (Salyan Dövlət Rəsm Qalereyası) 1-ci yerə layiq görülüblər.
Qaliblərə diplom və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim edilib.
Sonra qalib və iştirakçıları rəsmlərindən ibarət sərgiyə baxış olub.
Müsabiqə çərçivəsində təşkil olunan sərgi 31 may tarixinədək davam edəcək.
Nurəddin