19 may Türkiyə Cümhuriyyətində rəsmi bayram – Atatürkü Anma, Gənclik və İdman Bayramıdır. 1919-cu ilin bu günündə, Osmanlı İmperatorluğu yeddi əsrə yaxın davam edən tarixinin qürubunu yaşadığı bir zamanda, Mustafa Kamalın öndərliyi ilə türk dövlətçilik salnaməsinin yeni səhifəsinin – Cümhuriyyətə doğru yolun ilk təməli atılıb.

1919-cu ildə Mustafa Kamal 38 yaşında idi: onun 19 ilini XIX əsrdə, 19 ilini XX əsrdə yaşamışdı. İrəlidə ona biçilən ömrün daha 19 ili vardı. Onun adını tarixə Atatürk olaraq yazacaq illər...

Tale elə gətirib ki, Türkiyə Cümhuriyyətinin qurucusunun təvəllüd günü tarixə naməlum qalıb. O isə 19 Mayı – Türkiyənin qurtuluşu və istiqlalı uğrunda mücadiləyə başladığı günü özünün doğum günü olaraq xalqına, türk gəncliyinə və bütövlükdə tarixə ərməğan edib. Çünki çökən imperatorluğun xarabalıqları üzərində yeni Türkiyənin təməlinin atılması həm də onun – Mustafa Kamalın tarix səhnəsində bir lider, öndər olaraq doğulduğu gün idi... 

***

O, dünyaya gözlərini açanda Osmanlı əsrlərə hökm etmiş qüdrətini itirməyə doğru gedirdi. Ətrafındakı güclü dövlətlər Osmanlının nəzarət etdiyi geniş coğrafiyanı ələ keçirmək üçün fürsət gözləyirdi. Mustafa Kamal 1881-ci ildə o vaxt Osmanlı İmperatorluğunun tərkibində olan Balkanlardakı Rumeli vilayətində, Selanik şəhərinin (indiki Yunanıstanın Saloniki şəhəri) Qocaqasım məhəlləsində doğulub.

Onun dünyaya gəldiyi və uşaqlıq illərinin keçdiyi ev (indi Apostol Pavel küçəsi, 75) Atatürkün xatirə muzeyidir. Yerli bələdiyyə hələ onun sağlığında (1933) bu barədə qərar qəbul etmiş, muzeyin açılışı isə vəfatından illər sonra, 1953-də gerçəkləşmişdi.

Anası Zibeydə xanımın xatırladığına görə, oğlu Mustafa qış vaxtı, yanvarın əvvəllərində dünyaya gəlib. Lakin bu barədə heç bir rəsmi sənəd yoxdur. Atatürkün ata-anasının vaxtilə Anadoludan Rumelinə köçmüş Oğuz türkmənləri soyundan olduğu bildirilir. Atası Əli Rza Əfəndi və anası Zibeydə xanım 1876-cı ildə ailə qurublar. Atası Selanik şəhər Gömrük idarəsində kiçik məmur olub. Mustafadan savayı ailədə daha beş uşaq (üç qız, iki oğlan) dünyaya gəlsə də, onlar kiçik yaşlarında vəfat ediblər.

Mustafa məktəb yaşına gələndə anası onun dini təmayüllü, atası isə müasir təhsil verən məktəbdə oxumasını istəyir. Atasının istədiyi kimi olur və Mustafa 1887-ci ildə Selanikdəki Şəmsi Əfəndi ibtidai məktəbinə gedir. 1890-cı ildə atasının xəstəlikdən vəfat etməsi ilə o, məktəbdən ayrılmalı olur. Bir müddət təhsildən kənarda qalan Mustafa hərbçi olmaq arzusuna düşür. Anasının etirazına rəğmən Selanikdə hərbi təmayüllü məktəbə imtahan verir və qəbul olunur.

Burada ilk dünyagörüşü formalaşır. Riyaziyyat müəllimi Mustafa Səbri onun zəki bir yeniyetmə olduğunu görərək bir dəfə yarızarafatla “Gəl, sənin adının yanına bir də Kamal adını qoyaq ki, bizi bir-birimizlə səhv salmasınlar”, – deyir. Mustafa razılaşır və o, Mustafa Kamal olur.

1898-ci ildə Mustafa Kamal Selanikdəki məktəbi bitirir və İstanbulda hərbi məktəbə daxil olur. 1902-ci ildə bu məktəbi də  başa vurur. 1902–1905-ci illərdə İstanbul Hərbi Akademiyasında təhsilini davam etdirir. 1905-ci ilin fevralında tam hərbi təhsilini başa vuraraq ilk təyinatını alır, imperatorluğun cənubuna – indiki Suriyanın paytaxtı Dəməşqə göndərilir. Buradakı xidməti dövründə o, Osmanlının ağır durumunu bir daha dərk edir. İmperatorluğun bir çox yerlərində olduğu kimi, burada da dövlət məmurları arasında rüşvətxorluq, dövlət işlərinə laqeydlik baş alıb gedirdi. Nəhəng imperatorluğun belə bir vəziyyətdə idarə olunması onun şüurunda acı izlər buraxır. 

1906-cı ildə Mustafa Kamal bir neçə hərbçi dostu ilə “Vətən və Hürriyyət” adlı gizli cəmiyyət təşkil edirlər. Gənc və ambisiyalı zabitlər dövlətin idarəçiliyini sağlam əsaslar üzərinə qaytarmaq yolları barədə düşünürlər. Eyni vaxtda Mustafa Kamalın Selanikdəki  keçmiş hərbçi yoldaşları da “İttihad və Tərəqqi” cəmiyyətini qurmuşdular. 1907-ci ildə Mustafa Kamal qısa müddətə hərbi xidmətini Balkanlara dəyişir və orada sözügedən iki cəmiyyətin birləşməsi qərara alınır.

1909-cu ildə Osmanlı sarayında çevriliş baş verir, Sultan II Əbdülhəmid taxtdan salınır, V Mehmet padşah elan edilir. Bu çevrilişdə “İttihad və Tərəqqi”də birləşən gənc zabitlərin də rolu olur. Lakin elə bu vaxtdan başlayaraq Mustafa Kamalla cəmiyyətdəki gənc zabitlər arasında fikir ayrılıqları yaranır. Mustafa Kamal cəmiyyətin leqal siyasi təşkilata çevrilməsini və üzvlərinin siyasət və ya hərbi xidmət arasında seçim etməsini təklif edir. Çünki zabitlərin bilavasitə siyasətlə məşğul olması orduda daxili ixtilaflara rəvac verirdi. “İttihad və Tərəqqi”nin rəhbərliyindəki əksəriyyət bunu qəbul etmir.

***

Mustafa Kamal siyasətdən ayrılaraq hərbi xidmətə davam edir. Bu arada o, hərbi ezamiyyətə göndərildiyi Avropa ölkələrində olarkən Osmanlı ordusunun rəqiblərindən nə qədər geri qaldığını bir daha dərk edir. 1912-1913-cü illərin Balkan müharibəsində Osmanlının məğlubiyyəti bu gerçəyi sübut edir. Müharibə nəticəsində Osmanlı altı əsrə yaxın nəzarət etdiyi Balkanları, o cümlədən Mustafa Kamalın vətəni Rumelini itirir.

Balkanlardakı ağır məğlubiyyət ölkədə böyük etiraz doğurur, İstanbuldakı saraydaxili toqquşmalar nəticəsində 1913-cü ilin iyununda Baş nazir Mahmud Şövkət paşa öldürülür, “İttihad və Tərəqqi”nin gənc generalları – Tələt, Ənvər və Camal paşalar hakimiyyəti ələ keçirirlər. Onlar Osmanlının Balkan uğursuzluğunu unutdurmaq üçün yeni hərbi kampaniya barədə düşünür və bu xüsusda Almaniya ilə əsgəri müttəfiqliyi gücləndirirlər. Gerçəkdə isə Birinci Dünya müharibəsində Almaniya ilə müttəfiq olmaq Osmanlı üçün uçurumun kənarına gəlmək idi...

Bilavasitə ordu rəhbərliyində təmsil olunmayan Mustafa Kamal Osmanlının dünya savaşına Almaniya ilə yanaşı girməsinə mənfi baxırdı. Eyni zamanda, o görürdü ki, Osmanlı ordusunun rəhbərliyində yer alan alman məsləhətçilər bu dövləti məhvə təhrik edirlər.

1915-ci ilin yazında Çanaqqala döyüşlərinin ilk mərhələsində mayor (minbaşı) Mustafa Kamalın 19-cu diviziyası misilsiz rəşadət göstərir. Ona polkovnik rütbəsi verilir. 1916-cı ildə, Çanaqqala zəfərinin ardından onu Diyarbəkirdəki ordu komandanlığına, Rusiya ilə savaş cəbhəsinə göndərirlər. Mustafa Kamal hələ yolda ikən ona general – paşa rütbəsinin verildiyini öyrənir.

Onun komandanlığı altındakı ordu birlikləri 1916-cı ilin avqustunda rus qoşunlarının Diyarbəkir istiqamətində hücumlarının qarşısı alınır, Bitlis və Muş azad edilir. Mustafa Kamal paşa Osmanlının 2-ci ordu (şimal-şərq istiqamətində) komandanı təyin edilir. Lakin digər cəbhələrdəki məğlubiyyət Osmanlının dünya savaşından qalib çıxmasını mümkünsüz etmişdi.

1918-ci il oktyabrın 31-də Osmanlı Mudros sülh müqaviləsini bağlamağa məcbur olur. Osmanlı qoşunları tutduqları bir çox ərazilərdən, o cümlədən Cənubi Qafqazdan çıxır. “İttihad və Tərəqqi” hökumətinin rəhbərləri – Ənvər, Tələt, Camal paşalar bir alman gəmisi ilə ölkəni tərk edirlər...

Dövlət faktiki olaraq idarəolunmaz vəziyyətə gəlmişdi. Belə bir vaxtda padşah (V Mehmetin vəfatından sonra taxta çıxan sonuncu Osmanlı hökmdarı VI Mehmet – Sultan Vahideddin) Mustafa Kamala hərbi nazir və baş komandanlıq postunu təklif edir. Lakin bu, faktiki olaraq iqtidarsız bir hökumətdə təmsil olunmaq demək idi və o, təklifdən imtina edir.

***

1919-cu ilin yazında indiki Türkiyənin böyük hissəsi işğal edilmiş, o cümlədən yunan qoşunları Türkiyənin cənub-qərbini ələ keçirmişdi. Osmanlı hakimiyyəti nə dövləti xilas etmək, nə də işğalın qarşısını almaq iqtidarında idi.

Artıq Mustafa Kamalın İstanbuldakı hakimiyyətlə yolları ayrılmışdı. O, yeni Türkiyə, xalqa arxalanan dövlət barədə düşünürdü. 1919-cu il mayın 16-da o, bir qrup silahdaşı ilə “Bandırma” adlı gəmidə İstanbulu gizlicə tərk edərək Samsuna gəlir.

Mayın 19-da Samsunda türk xalqının Qurtuluş savaşının başladığını elan edir. İstanbul hökuməti ona mane olmağa çalışsa da, Mustafa Kamal paşa 1919-cu ilin iyulunda Ərzurumdan ordudakı vəzifələrindən istefa verdiyini İstanbula bildirir.

1919-cu ilin 23 iyul – 7 avqust tarixlərində toplanan Ərzurum konqresi, həmin ilin 4–11 sentyabrında isə Sivas konqresi Mustafa Kamalın öndərliyi ilə türk xalqının qurtuluş və istiqlal mücadiləsi yolunda mühüm mərhələ olur.

Həmin il dekabrın 27-də Mustafa Kamal qoşunları ilə Ankaraya gəlir. Yeni Türkiyənin quruluşu buradan başlayacaqdı.

Mustafa Kamal 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılmasına nail oldu. Məmləkətin idarəçiliyi xalqın iradəsinə, onu təmsil edən TBMM-ə verildi. Ölkədə faktiki ikihakimiyyətlilik –  bir tərəfdə (İstanbul) iflas etmiş imperatorluq hakimiyyəti, digər tərəfdə isə (Ankara) Millət Məclisi və Mustafa Kamalın komandanlığı altında Vətəni düşməndən xilas etmək üçün təşəkkül tapan Ordu vardı.

1921-ci il avqustun 22-də başlanan və sentyabrın 13-də qalibiyyətlə başa çatan Sakarya savaşı (Sakarya Meydan müharibəsi) yeni Türk ordusunun nəyə qadir olduğunu nümayiş etdirdi. Sakarya qalibiyyətindən sonra TBMM Mustafa Kamala “Qazi” adını verdi.

Qurtuluş savaşının zirvə nöqtəsi isə 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) oldu. Avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Qazi Mustafa Kamalın əmri ilə düşmən üzərinə hücuma keçdi. 30 avqustadək Əskişəhər və Afyonu nəzarətə götürən qoşunlar baş komandandan “Hədəf Aralıq dənizidir!” əmrini aldı. 15 günün içində Türk ordusu 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmiş, 150 minlik yunan ordusu darmadağın edilmişdi.

***

30 Avqust Zəfəri Türkiyənin tarixində yeni şərəfli səhifə açdı. Türk xalqı yenilməzliyini dünyaya sübut etmiş, gələcək Cümhuriyyətin hərb meydanında təməli qoyulmuşdu.

Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Türkiyə Cümhuriyyətini elan etdi. Artıq onun tarixə Atatürk kimi düşməyə tam haqqı vardı. 1934-cü il noyabrın 24-də TBMM-in qərarı ilə Mustafa Kamala rəsmən Atatürk soyadı verildi. 1938-ci il noyabrın 10-da Atatürk bu dünyaya vida etdi...

Atatürkün türk tarixinə bəxş etdiyi 19 May isə hələ onun sağlığında, 1926-cı ildən başlayaraq bayram edilirdi. 20 iyun 1938-ci ildə xüsusi qanunla "Gənçlik və İdman Bayramı" adını almışdı. 1981-ci ildə Atatürkün 100 illiyi UNESCO səviyyəsində qeyd edildi. Türkiyədə həmin il "Atatürk İli" elan olundu və 19 May "Atatürkü Anma, Gənçlik və İdman Bayramı" olaraq yeni adını qazandı...

Tarixə adını əməli ilə yazmış və xalqına əbədi yaşayacaq Cümhuriyyət bəxş etmiş Atatürkün adı ilə anılan və bu adı  yaşadan bayram.

Mübarək olsun! 

Vüqar Orxan