Mayın 19-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın (1910–1981) anadan olmasının 115-ci ildönümü tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanıb.
Kitabxananın saytında yerləşdirilən elektron məlumat bazasında şairin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü dövlət təltifləri haqqında məlumatlar, eləcə də akademiklər İsa Həbibbəylinin “Milli sərbəst şeirin uvertürası”, Nizami Cəfərovun “Həyat, ölüm... və həyat”, Rəfael Hüseynovun “Dərinlərin birgəliyi”, ədəbiyyatşünas Cavanşir Yusiflinin “Üçüncü göz, yaxud ulduzlar dənizə tökülür...” kimi məqalələrinin tam mətni təqdim edilir.
Elektron bazada Rəsul Rzanın yaradıcılıq nümunələrinin, tərcümələrinin, publisistik məqalələrinin, sözlərinə yazılmış musiqi əsərlərinin, həmçinin onun haqqında kitab və məqalələrin siyahıları yer alır.
***
Milli Kitabxanada isə Rəsul Rzanın 115 illiyinə həsr olunmuş sərgi açılıb.
Kitabxanadan bildirilib ki, “Xalq şairi Rəsul Rza–115” adlı sərgidə şairin yüksək bədii dəyəri, bəşəriliyi, milliliyi və rəngarəngliyi özündə ehtiva edən əsərləri, tərtibçisi və redaktoru olduğu, tərcümə etdiyi, eləcə də həyatı və yaradıcılığı haqqında kitablar, sözlərinə bəstələnmiş musiqi notları Azərbaycan və xarici dillərdə nümayiş olunur.