Dünya balet sənətinin görkəmli simalarından biri, məşhur rusiyalı xoreoqraf, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Yuri Nikolayeviç Qriqoroviç mayın 19-da, ömrünün 99-cu ilində vəfat edib.

1927-ci il yanvarın 2-də Leninqradda (indi Sankt-Peterburq) doğulan Yuri Qriqoroviç 10 il (1947–1957) bu şəhərdəki Kirov adına Dövlət Opera və Balet Teatrının (indi Mariinski Teatrı) balet artisti olub. Sonra bir neçə il həmin teatrda baletmeyster kimi çalışıb. 1964-cü ildə isə Moskvadakı Bolşoy Teatrın baş baletmeysteri təyin edilib və bu vəzifədə 30 ildən artıq fəaliyyət göstərib.

O, Bolşoy Teatrın balet truppasına rəhbərlik etdiyi dövrdə dünya balet sənətinin “qızıl fond”una daxil olan bir sıra tamaşalara quruluş verib. Onların arasında görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti (türk şairi və dramaturqu Nazim Hikmətin pyesinin motivləri əsasında) xüsusi yer tutur.

Yuri Qriqoroviçin xoreoqrafik quruluşunda bu baletin ilk premyerası 23 mart 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında gerçəkləşib. Tamaşanın quruluşunda maestro Niyazi və rəssam Simon Virsaladze də iştirak ediblər. Ardınca balet Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunub.

1965-ci ildə isə “Məhəbbət əfsanəsi” Yuri Qriqoroviçin quruluşunda Moskvada, Bolşoy Teatrda tamaşaya qoyulub və 33 il bu teatrın repertuarından düşməyib. Bu illərdə “Məhəbbət əfsanəsi” Bolşoy Teatrın dünya qastrollarında xüsusi yer tutub və həm bəstəkar Arif Məlikova, həm də xoreoqraf Qriqoroviçə böyük şöhrət gətirib. Rusiyalı xoreoqraf azərbaycanlı bəstəkar dostunun möhtəşəm əsərini Avropada və ABŞ-də də yerli truppalarla səhnəyə qoyub.

Qriqoroviç daha sonra 2002-ci və 2014-cü illərdə Bolşoy Teatrda “Məhəbbət əfsanəsi”nə yenidən quruluş vermişdi.

2014-cü ildə Moskvada Qriqoroviçin xoreoqrafiyası və mərhum Simon Virsaladzenin eskizləri əsasında bərpa olunan tamaşaya baxan Arif Məlikov demişdi: “Məhəbbət əfsanəsi”nin Rusiyanın əsas səhnəsinə qayıtması Azərbaycan mədəniyyətinin zəfəridir. “Əfsanə” də elə buna görə yaşayır, çünki incəsənət və məhəbbət sərhəd tanımır...”.

Arif Məlikov həm Qriqoroviçlə, həm də “Məhəbbət əfsanəsi” balet tamaşasının ərsəyə gəlməsində mühüm rolu olan dirijor Niyazi (1912–1984), səhnə tərtibatçısı, SSRİ Xalq rəssamı Simon Virsaladze (1909–1989) və təbii ki, bu “əfsanə”nin yaradıcısı Nazim Hikmət (1902–1963) ilə sənət dostluğunu hər zaman yüksək qiymətləndirib.

Bəstəkar müsahibələrinin birində qeyd etmişdi ki, “Məhəbbət əfsanəsi”nin ilk variantında uvertüra hissəsi olub, sonra onu çıxarıb və əvəzində beş litavra üçün parça yazıb. Tamaşanın əvvəlində litavralar həm də onun yaradıcı heyətindəki beşliyin şərəfinə səslənirdi.

Bu beşlikdən ən çox yaşayan Yuri Qriqoroviç oldu, bir əsrə yaxın ömür sürdü. Onun xoreoqrafik quruluşu ilə süslənən Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ömrü isə əsrləri də aşacaq...

V.Orxan