Tarixdəki olaylar

 

19 may 1919 – Mustafa Kamal paşa bir qrup silahdaşı ilə Qərb dövlətlərinin faktiki işğalı altında olan İstanbuldan Samsuna gələrək türk xalqının qurtuluş və istiqlal savaşının başladığını elan edib. Onun rəhbərliyi ilə milli mücadilə 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yaranması ilə başa çatıb. Mustafa Kamal Atatürkün vəfatından sonra 19 may Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı kimi qeyd olunur.

 

19 may 1990 – Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının Prezidenti vəzifəsi təsis edilib. Azərbaycan KP MK-nın birinci katibi Ayaz Mütəllibov Ali Sovet deputatlarının səsverməsi ilə prezident seçilib. Sov. İKP MK-nın baş katibi M.Qorbaçovun SSRİ prezidenti seçilməsindən sonra müttəfiq respublikaların rəhbərləri də eynilə hərəkət etməyə başlamışdılar.

 

19 may  2004 – Prezident İlham Əliyev Brüsselə səfəri gedişində Avropa Komissiyasının sədri Romano Prodi, NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşüb, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını alyans rəhbərliyinə təqdim edib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

19 may 1762 – Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762 – 29.1.1814) anadan olub.

 

19 may 1898 – İtalyan yazıçısı və mütəfəkkiri Yulius Evola (Julius Evola; 1898 – 11.6.1974) anadan olub.

 

19 may 1898 – Azərbaycanın Xalq artisti, opera müğənnisi Hüseynağa Soltan oğlu Hacıbababəyov (1898 – 10.11.1972) Şamaxıda doğulub. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub.

 

19 may 1910 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 – 1.4.1981) Göyçayda doğulub. “Qız qalası”, “Lenin”, “Qızılgül olmayaydı” poemaları, “Rənglər” şeirlər silsiləsi, “Vəfa”, “Görüş” pyesləri və s. əsərlərin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938–1939), kinematoqrafiya naziri (1945–1948) olub. 

 

19 may 1935 – Şair və tərcüməçi, Əməkdar incəsənət xadimi Vladimir Əbdüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.

 

19 may 1939 – Tanınmış yazıçı-publisist, türkoloq Əhməd bəy Ağaoğlu (Əhməd bəy Mirzə Həsən oğlu Ağayev; 1869, Şuşa – 1939) İstanbulda vəfat edib. “Kaspi”, “Həyat” qəzetlərinin redaktoru olub. İstanbul Universitetində dərs deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Cümhuriyyətin süqutundan sonra Türkiyədə yaşayıb.

 

19 may 1959 – Xalq artisti Yeva (Yevgeniya) Nikitiçna Olenskaya (1900–1959) vəfat edib. Qubada doğulub. 1919-cu ildən Azərbaycan Dövlət Dram Teatrının aktrisası olub.

 

19 may 2022 – Xalq artisti, teatr rejissoru Vaqif Firudin oğlu Əsədov (5.4.1947 – 2022) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyib. 1989-cu ildən Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

 Hazırladı: Vüqar Orxan