Xəbər verdiyimiz kimi, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən 2025-ci ilin Beynəlxalq Muzeylər Günü üçün "Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” mövzusu müəyyən edilib. Ölkəmizdəki muzeylərdə də bu devizə uyğun tədbirlər təşkil olunub.

L. və M.Rostropoviçlərin Ev-Muzeyinin və Bakı şəhəri 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “İnklüziv harmoniyalar – muzeydə rənglər və səslər” adlı tədbir-sərgi keçirilib.

Muzeydən verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd muzeylərin inklüzivliyi və mədəni irsin qorunmasını təşviq edən mədəniyyət mərkəzləri kimi rolunu vurğulamaq, həmçinin fiziki məhdudiyyətli uşaqların cəmiyyətə adaptasiyasını, sosial-mədəni tədbirlərdə fəal iştirakını təmin etməkdir.

İştirakçıların ifasında müxtəlif xalqların mahnı və rəqsləri – M.Maqomayevin “Azərbaycan” mahnısı, italyan mahnısı “O sole miyo”, L.Bethovenin “Sonata sol major” əsəri, Çin xalq mahnısı və “Nəlbəki” Azərbaycan rəqsi, türk, Ukrayna, gürcü xalq rəqsləri təqdim olunub. Bununla yanaşı, təsviri sənət və dizayn dərnəklərinin üzvlərinin “Beynəlxalq Muzeylər Günü”nün builki devizinə həsr etdikləri əl işlərindən ibarət sərgi nümayiş etdirilib.