18 May – Beynəlxalq Muzeylər Günü paytaxt muzeylərində silsilə tədbirlərlə qeyd edilib. Azərbaycan Milli İncəsənət Muzeyində “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş olunub.

Film görkəmli Azərbaycan rəssamı, milli təsviri sənətdə dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunub.

Nümayişdən əvvəl çıxış edən muzeyin direktoru Şirin Məlikova ekran əsəri barədə məlumat verib. O, filmin Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından, qədim İrəvan şəhərinin zəngin tarixi və mədəni irsindən bəhs etdiyini deyib: “Bu ekran işi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində ərsəyə gəlib. Filmə baxarkən həmin dövrün ab-havasını duymaq mümkündür. Tarixi baxımdan maraqlı və dəyərli məqamlar yer alıb”.

Quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov vurğulayıb ki, film üzərində işləməyə başlamazdan əvvəl Mirzə Qədim İrəvani haqqında geniş bilgiyə malik olmayıb. “Film üzərində çalışdıqca onun miniatür sənəti, həyat yolu və yaradıcılığı barədə ətraflı məlumatlar topladıq. Əsərdə əsasən onun uşaqlıq, yeniyetməlik və gənclik dövrləri əhatə olunub. Bu filmin mümkün qədər çox auditoriyaya çatması bizim üçün böyük fərəh və sevinc hissidir”, – deyə o əlavə edib.

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Filmdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Zabul-segah” simfonik muğamından istifadə edilib.