İsveçrənin Bazel şəhərində keçirilən 69-cu “Avroviziya” Mahnı Müsabiqəsinin kuboku Avstriyaya gedir.
Mayın 18-nə keçən gecə gerçəkləşən final yarışmasının qalibi səhnə təxəllüsü JJ olan avstriyalı vokalçı Yohannes Pieç (Johannes Pietsch) olub.
“Avroviziya–2025”in son gecəsində ümumilikdə 26 ölkənin təmsilçisi səhnəyə çıxıb. Hər iki yarımfinaldan seçilən 20 ölkəyə finalda “Avroviziya” təsisçisi olan “böyük beşlik” (Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya), habelə ev sahibi İsveçrə qoşulub. Xatırladaq ki, Azərbaycanı müsabiqədə təmsil edən "Mamagama" qrupu mayın 13-də yarımfinal mərhələsini keçə bilməyib.
Yarış öncəsi bukmekerlərin proqnozlarında ilk sırada görünməyən JJ ifa etdiyi "Wasted Love" (“Hədər gedən sevgi”) adlı emosional ballada ilə həm münsiflər heyətinin, həm də tamaşaçıların rəğbətini qazanıb. Yüksək vokal imkanlarına və səs tembrinə (tenordan kontrtenoradək) malik müğənni ümumilikdə 436 xalla birinci olub.
Final mərhələsində ikinci yeri İsrail təmsilçisi Yuval Rafael (357 xal), üçüncü yerdə isə ondan bir xal geri qalan (356) Estoniya təmsilçisi Tommi Keş (Tomas Mammemets) tutub.
Yohannes Pieç Vyana Dövlət Operasının vokal məktəbini bitirib və hazırda Vyana Musiqi və İncəsənət Universitetində sənət təhsilini davam etdirir. İndiyədək səsini bir sıra müsabiqələrdə sınayıb, o cümlədən 2020-ci ildə Londonda “Səs” televiziya müsabiqəsinin finalına çıxıb.
Beləliklə, növbəti – 70-ci “Avroviziya” Mahnı Müsabiqəsinə Avstriya ev sahibliyi edəcək. Bu, ölkənin “Avroviziya” tarixində sayca 3-cü nailiyyətidir. Avstriya 1965-ci ildə Udo Yurgensin qalibiyyəti, 2014-cü ildə isə saqqallı-bığlı “xanım” Konçita Vurstun birincilyi sayəsində bu müsabiqənin ev sahibi olub.
V.Orxan