Abdulla Şaiqin Mənzil-Muzeyində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə “Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda musiqili-poetik tədbir keçirilib.
Mayın 17-də “Gənc şairlər” layihəsi ilə birgə təşkil edilən tədbirin konsepsiyası Beynəlxalq Muzeylər Günü münasibətilə ICOM-un 2025-ci il üçün müəyyən etdiyi “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” mövzusuna uyğun olub.
Muzeyin direktoru Ülkər Talıbzadə çıxışında Abdulla Şaiqin uşaqların maariflənməsi, ana dilində təhsil almaları uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat verib.
Muzeyin əməkdaşı Ülviyyə Əliyeva Beynəlxalq Muzeylər Günü ilə bağlı məruzə ilə çıxış edib.
“Gənc şairlər” layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənova layihənin missiyası və uşaqların yaradıcılıq baxımından inkişafında muzeylərin rolundan danışıb.
Uşaqlar görkəmli ədib Abdulla Şaiqin sevilən şeirlərini Azərbaycan və rus dillərində səsləndirib, musiqi əsərləri ifa ediblər.
Sonda gənc istedadlara təşəkkürnamə təqdim olunub.