Azərbaycan Dillər Universitetində (ADU) İtaliyanın Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Siena Əcnəbilər Universitetinin rektoru Tomaso Montanari, rektorun müşaviri professor Pietro Kataldi, CILS-nin (Consorzio Lingua Italiana di Qualità – italyan dili sertifikatı) dil sertifikasiyası üzrə nümayəndəsi professor Sabrina Maçetti və Türkiyə üzrə nümayəndəsi professor Covanni Amadori, İtaliyanın Azərbaycandakı səfirliyinin birinci katibi Marvin Seniga iştirak ediblər.

Bu barədə ADU-dan məlumat verilib.

ADU-nun rektoru akademik Kamal Abdulla nümayəndə heyətinə İtaliyanın Peruca Əcnəbilər Universitetinin rektoru ilə keçirilmiş görüş və imzalanmış sənədlər barədə məlumat verib. O, Siena Əcnəbilər Universiteti ilə də uğurlu əməkdaşlığın mümkünlüyünə inandığını bildirib.

Kamal Abdulla söhbət zamanı məşhur italyan yazıçısı və alimi Umberto Eko ilə olan şəxsi tanışlığından bəhs edib. İtalyan nümayəndələr isə İkinci Dünya müharibəsinin universitetə təsirindən və Siena Əcnəbilər Universitetinin tarixindən danışıblar.

Tərəflər Siena Əcnəbilər Universitetinin digər ölkələrdəki şöbələri, Peruca Əcnəbilər Universiteti ilə əlaqələri, bu universitetlərlə olan oxşar və fərqli cəhətlər barədə fikir mübadiləsi aparıblar. ADU nəzdində yaradılmış dil sertifikasiya mərkəzinin fəaliyyəti və perspektivləri də müzakirə edilib.

Akademik Kamal Abdulla universitetdə tədris olunan dillər, ADU-nun beynəlxalq QS reytinqində əldə etdiyi nailiyyətlər və universitetin Azərbaycanı beynəlxalq səviyyədə təmsil etməklə bağlı həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Görüş zamanı iki universitet arasında əməkdaşlıq imkanları, birgə elmi və tədris layihələri, tələbə və müəllim mübadiləsi proqramları müzakirə olunub.

Sonda Kamal Abdulla görüşün xatirəsi olaraq Siena Əcnəbilər Universitetinin rektoruna İtaliyada nəşr olunmuş “Yarımçıq əlyazma” romanını hədiyyə edib.