Milli Kitabxanada Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir və “Ümummilli lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub.
Əvvəlcə Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışıb. O, Ulu öndərin həmçinin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına diqqət və qayğısından da bəhs edib.
Direktor dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xəttin onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Milli Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Ulu öndərin Milli Kitabxanaya gələrkən söylədiyi “Kitabxana xalq üçün, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözlərini xatırladaraq qeyd edib ki, bu söz bizim üçün kitabxana haqqında söylənilən bütün fikirlərdən daha doğma, əziz və dəyərlidir.
Sonra “Ümummilli lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub. Qeyd edək ki, “Ana səhifə”, “Rəsmi sənədlər”, “Heydər Əliyev – əbədiyaşar şəxsiyyət”, "Əsərləri", “Haqqında nəşrlər”, “Heydər Əliyev Milli Kitabxanada”, “Heydər Əliyev dünya kitabxanalarında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” adlı bölmələrdən ibarət olan elektron məlumat bazasında materiallar tam mətnləri ilə 3 dildə nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/H.Aliyev/index.html linkindən istifadə edə bilərlər.
Daha sonra tədbir iştirakçıları “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisinə baxıblar. Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur.