Türkiyənin tanınmış teatr xadimi, kukla oyunu sənətçisi Hadi Poyrazoğlunun (1901–2000) xatirəsinə təsis edilən Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı bu il dördüncü dəfə keçirilir. 20-25 aprel tarixlərində ilk mərhələsi Ankarada keçirilən festivala Türkiyə, Azərbaycan, Özbəkistan və Şimali Kiprin kukla teatrı ustaları qatılıblar.
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrı festivala “Cırtdanın Türkiyədə macəraları” tamaşasını (quruluşçu rejissoru Saida Haqverdiyeva) aparmışdı.
Aprelin 28-də isə IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində türkiyəli kuklaçı sənətçiləri Bakıya gəliblər.
Azərbaycan Dövlət Kukla Teatrından bildirilib ki, festival proqramına uyğun olaraq qardaş ölkənin sənətçiləri iki gün müddətində fərqli mövzu, janr və texnikada iki tamaşa ilə bakılı teatrsevərlər qarşısında çıxış ediblər.
İlk olaraq Azərbaycan Dövlət Kukla Teatrında “Qaragözün macəraları” tamaşa nümayiş olunub. Türkiyənin sevilən kölgə oyunu sənətçisi Seçkin Günəşin ifaçılıq məharəti – Hacıvat ilə Qaragözün yeni hekayəti balaca tamaşaçılarda xoş ovqat yaradıb.
Tamaşadan sonra Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə festivalın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə, ümumilikdə qardaş sənətçilərin bir səhnədə toplaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Qonaq kuklaçılar festivalın Bakı mərhələsində uğurla iştirak etdikləri üçün təltif ediliblər.
Festivalın Bakı proqramının ikinci günü Türkiyənin tanınmış kukla ustası, “Yaşayan insan xəzinəsi” fəxri adına sahib Əli Ağbəy balacalara özünəməxsus tarixə malik kuklalar və fərqli üsullarla ərsəyə gətirilən taxta oyuncaqlardan bəhs edib, onları da prosesə qoşaraq bu sənət növü haqqında məlumatları bölüşüb.
Sonra uşaqlar Bursadan gələn kukla sənətçisi Abdullah Bəyazdaşın müəllif və ifaçısı olduğu “Dostum kukla” adlı birhissəli tamaşaya baxıblar. İpli kuklalardan ibarət musiqili tamaşanın əsas ideyası dostluq, sevgidir.
IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı Ankara və Bakıdan sonra mayın 2-dən 5-dək Özbəkistanda davam edəcək. Festivalın son mərhələsi 9–12 may tarixlərində Şimali Kiprdə keçiriləcək.