Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2025-ci il tarixli Qərarına əsasən, dövlət mühafizəsinə götürülən daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına yeni obyektlər əlavə edilib.

Qərara əsasən, 7 tarixi və memarlıq əhəmiyyətli obyekt bu siyahıya daxil edilib: Heydər məscidi, Bakı şəhəri 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin binası, Hacı Ağa Murad hamamı, Suvurma qülləsi, Müqəddəs Varfolomey kilsəsi, inzibati bina, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi” PHŞ-nin binası.

Qərarla eyni zamanda Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidəyə dair məlumatlarda düzəliş olunub.

Hazırda Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası tərəfindən yeni abidələrin təsnifatı və onların haqqında məlumatların dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, daşınmaz tarix-mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq edilib. Həmin siyahıda 6308 tarix və mədəniyyət abidəsi mövcuddur ki, onlardan 4326-sı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarətindədir.