Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev 28 aprel 2025-ci il tarixində, ömrünün 66-cı ilində vəfat edib.

Möylə Vəli oğlu Mirzəliyev 24 oktyabr 1959-cu ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub. 1980–1985-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.

1985-ci ildə təyinatla Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xor artisti kimi əmək fəaliyyətinə başlayıb. 1992-ci ildən indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında aktyor vəzifəsində çalışıb.

Musiqili Teatrda hazırlanan “Özümüz bilərik” (S.Ələsgərov, Ş.Qurbanov), “5 manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi), “Qızıl toy” (O.Kazımi, R.Heydər), “Hərənin öz ulduzu” (S.Ələsgərov, İ.Məlikzadə), “Əlin cibində olsun” (O. Rəcəbov, A.Babayev), “Səhnədə məhəbbət” (S.Fərəcov, Ə.Əmirli), “Ər və arvad”, “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Talelər qovuşanda” (R.Hacıyev), “Aldın payını, çağır dayını”( V.Adıgözəlov, Anar), “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), “İddialı qaraçı” (İ.Kalman), “Evlənmə” (N.V.Qoqol) və s. tamaşalarda maraqlı obrazlar qalereyası yaradıb.

Özünəməxsus oyun tərzi ilə seçilən aktyorun həyat verdiyi obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Allah rəhmət eləsin.