Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrı 21-25 aprel tarixlərində Ankarada keçirilən Hadi Poyrazoğlu IV Beynəlxalq Kukla və Karagöz Teatrları Festivalında iştirak edib.

Aprelin 25-də Ankaradakı “Cermodern” mərkəzində Azərbaycan Dövlət Kukla Teatrının “Cırtdanın Türkiyədə macəraları” tamaşası göstərilib.

Səhnə işinin quruluşçu rejissoru Saida Haqverdiyeva, tərtibatçı rəssamı İqbal Əliyevdir. Tamaşada teatrın kukla sənətçiləri Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim Rəhimov və Cavid Telman iştirak ediblər.

Azərbaycan musiqisi nümunələrinin müşayiəti ilə nümayiş etdirilən tamaşa böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Türkiyənin tanınmış teatr xadimi, kukla və kölgə oyunu (Karagöz teatrı) sənətçisi Hadi Poyrazoğlunun (1901-2000) xatirəsinə təsis edilən festivala bu il, yerli teatrlarla yanaşı, Azərbaycan, Özbəkistan və Şimali Kiprin kuklaçı kollektivləri qatılıb.

Festivalın proqramı Türkiyədən sonra Azərbaycanda (28–30 aprel) və Özbəkistanda (2–5 may) davam edəcək. Festivalın son mərhələsi 9–12 may tarixlərində Şimali Kiprdə olacaq.