30 aprel Beynəlxalq Caz Günüdür (International Jazz Day). 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlik və dialoqun, insanlar arasında ünsiyyətin genişləndirilməsində rolunu diqqətə çatdırmaq məqsədilə təsis olunub.

 

Tarixdəki olaylar

 

30 aprel 1789  ABŞ-də prezidentlik institutu fəaliyyətə başlayıb, 1-ci prezident Corc Vaşinqtonun inauqurasiya mərasimi keçirilib. O vaxt ABŞ-nin paytaxtı Nyu-York şəhəri idi və prezidentin iqamətgahı burada yerləşirdi.

 

30 aprel 1975  Cənubi Vyetnam Amerika işğalından qurtulub və ölkənin şimalı ilə birləşib. 1965-ci ildə ABŞ Cənubi Vyetnama hərbi kontingent yeritmişdi. 1973-cü ildə Amerika qoşunlarının ölkədən çıxarılması barədə Parisdə müqavilə imzalandı. 1975-ci ilin aprelində ABŞ-nin sonuncu hərbi dəstəsi Cənubi Vyetnamı tərk etdi. 30 aprel Vyetnamda dövlət bayramı – Qələbə Günü kimi qeyd olunur.

 

30 aprel 2009  Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Gürcüstan vətəndaşı olan Fərda Qədirov tərəfindən terror aktı törədilib. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər yaralanıb. Hadisə yerinə polislərin gəldiyini görən terrorçu özünü öldürüb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

30 aprel 1870 – Avstriya-macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870 – 24.10.1948) anadan olub. “Şən dul qadın”, “Qaraçı məhəbbəti”, “Torağaylar oxuyan yerdə” operettalarının müəllifidir.

 

30 aprel 1880 – Xalq rəssamı Əzim Aslan oğlu Əzimzadə (1880 – 15.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən əsərləri “Molla Nəsrəddin” jurnalında dərc olunub. Milli təsviri sənətdə karikatura janrının, kitab qrafikası sənətinin (M.Ə.Sabirin “Hophopnamə” kitabına illüstrasiyalar, 1914) banisi sayılır.

 

30 aprel 1883 – Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883 – 3.1.1923) anadan olub. “Əsgər Şveykin sərgüzəştləri” romanı ilə məşhurlaşıb. “Əcnəbilər üçün gid”, “Mənim it alverim” hekayələr toplusunun müəllifidir.

 

30 aprel 1920 – Əməkdar mədəniyyət işçisi, tarzən Kamil Əlisəftər oğlu Əhmədov (1920–1996) Bakıda anadan olub.

 

30 aprel 1946 – Əməkdar artist Xanlar Yunis oğlu Muradov (1946 – 5.2.2005) Bakının Qobu qəsəbəsində doğulub. Sumqayıt Musiqili Dram, Azərbaycan Dövlət Musiqili Komediya teatrlarında çalışıb, filmlərə çəkilib.

Hazırladı: Vüqar Orxan