Tarixdəki olaylar
28 aprel 1920 – Azərbaycan Xalq Cümhuriyyəti süqut edib, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edilib. Bir gün öncə bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olmuş, Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə AXC Parlamentinə ultimatum göndərmiş, Parlament gərgin müzakirələrdən sonra ultimatumu qəbul etmişdi. Ölkədə formal hakimiyyət azərbaycanlı kommunistlərdən ibarət Müvəqqəti İnqilab Komitəsinə (sədr Nəriman Nərimanov) verilib.
28 aprel 1923 – Bakıda Azərbaycan Foto-Kino İdarəsinin nəzdində 1-ci Dövlət kinofabrikinin (indiki “Azərbaycanfilm” kinostudiyası) açılışı keçirilib. Ötən əsrin 20-ci illərinə qədər Bakıda filmlər əsasən əcnəbilərin qurduğu özəl studiyalar tərəfindən çəkilib. Sovetləşmədən sonra, 1920-ci il iyulun 4-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov kinematoqrafiya və fotoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret imzalayıb. 5 mart 1923-cü ildə Xalq Komissarları Sovetinin dekreti ilə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb. Aprelin 28-də Dövlət kinofabriki açılıb. Sonrakı illərdə kinostudiya müxtəlif adlar altında (Azdövlətkino, Azərkino, Azərfilm, Bakı kinostudiyası) fəaliyyət göstərib, 1960-cı ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlandırılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
28 aprel 1848 – Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte; 1848–1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.
28 aprel 1902 – Norveç yazıçısı Yohan (Johan) Borgen (1902–1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.
28 aprel 1914 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 – 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: “Şimal küləyi”, “Dəniz qapısı” və s. “Kölgələr sürünür”, “Yenilməz batalyon” filmlərinin ssenarisini yazıb.
28 aprel 1916 – Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 – 9.2.1970) anadan olub. Musiqili Komediya Teatrının baş rəssamı işləyib.
28 aprel 1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916–2005) anadan olub. Simfonik əsərlərin, romansların, “Duyğular” vokal silsiləsinin müəllifidir.
28 aprel 1917 – Xalq artisti Məhluqə Ələsgər qızı Sadıqova (1917 – 15.8.2003) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
28 aprel 1920 – Məşhur tarzən, Xalq artisti Hacı Məmməd oğlu Məmmədov (1920 – 2.8.1981) Şamaxıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda tanınmış həkim-cərrah olub.
28 aprel 1920 – Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920 – 28.1.1987) anadan olub.
28 aprel 1921 – Əməkdar elm xadimi, rus dilçiliyi sahəsində elmlər doktoru adı almış ilk azərbaycanlı alim, professor Məmməd Tağı oğlu Tağıyev (1921 – 28.9.1994) Samux rayonunda doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeoloji lüğət”in tərtibçisidir.
28 aprel 1925 – Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 – 6.7.1994) Lerik rayonunun Kürdəsər kəndində doğulub. “Dağlar oğlu”, “Torpağın ətri” və s. romanların müəllifidir.
28 aprel 1929 – Dilçi alim, türkoloq, AMEA-nın müxbir üzvü Zərifə İsmayıl qızı Budaqova (1929–1989) İrəvanda anadan olub.
28 aprel 1956 – Tanınmış tarzən Gülağa Tapdıq oğlu Zeynalov (1956 – 2.1.2015) Şuşa şəhərində doğulub. Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub.
Hazırladı: Vüqar Orxan