Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Bu fikir akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə aprelin 28-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Qəlblərə nur saçan insan” adlı tədbirdə səsləndirilib.

Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Zaqatalanın ziyalı qadınları, tibb, təhsil, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin, onun ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Zərifə xanım Əliyevaya həsr edilən film nümayiş olunub.

Tədbirdə çıxış edənlər Zərifə xanımın ömür yolundan, Azərbaycan tibb elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açıb, oftalmologiya sahəsinə gətirdiyi yeniliklərdən danışıblar. Bildirilib ki, görkəmli alim yüksək mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. O, yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib.

Vurğulanıb ki, xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri, eləcə də müasirliyi və əməksevərliyi öz nurlu şəxsiyyətində cəmləyən bu nəcib qadının, qayğıkeş ananın, dəyərli alim və ictimai xadimin canlı və parlaq çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi qarşımızda durur.