29 aprel Beynəlxalq Rəqs Günüdür (İnternational Dance Day). 1982-ci ildə UNESCO nəzdində Beynəlxalq Rəqs Şurası tərəfindən təsis edilib.
Tarixdəki olaylar
29 aprel 1918 – Erməni-daşnak dəstələri Gümrü şəhəri yaxınlığında azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törədiblər. Yüzlərlə insan qətlə yetirilib.
29 aprel 1941 – Azərbaycan KP MK Bürosunun iclasında Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edilib. Yubiley mərasimi 1941-ci il 16 oktyabr tarixinə təyin olunmuşdu. İki ay sonra müharibə (1941–1945) başlandı və Nizaminin yubileyini 1947-ci ildə keçirmək mümkün oldu.
29 aprel 1992 – Azərbaycan Cənubi Afrika Respublikası ilə diplomatik əlaqələr qurub.
29 aprel 2002 – Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri Əhməd Necdət Sezər, Heydər Əliyev və Eduard Şevardnadzenin iştirakı ilə təhlükəsizlik məsələlərinə həsr olunmuş zirvə görüşü keçirilib. Sammitin yekunu olaraq üç ölkənin aidiyyəti nazirlikləri arasında "Terrorizmin və ekstremizmin digər təzahürləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında" saziş imzalanıb.
29 aprel 2004 – Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edib. Dövlət başçısı AŞPA-nın fəxri üzvü diplomu və xatirə medalı ilə təltif olunub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
29 aprel 1727 – Fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi Jan-Jorje Nover (Jean-Georges Noverre; 1727–1810) anadan olub. 29 aprel – Beynəlxalq Rəqs Günü onun xatirəsinə ehtiram olaraq təsis edilib.
29 aprel 1907 – Amerika rejissoru, 4 dəfə “Oskar” mükafatçısı Fred Sinneman (Fred Zinnemann; 1907–1997) anadan olub.
29 aprel 1919 – Kinorejissor, SSRİ Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 – 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, “Mosfilm”də işləyib. “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.
29 aprel 2023 – Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil Eynulla oğlu İsrafilov (24.1.1941 – 2023) vəfat edib.
29 aprel 2024 – Əməkdar jurnalist, yazıçı-publisist Vasif Həzərxan oğlu Səmədov (22.1.1950 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan