1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub. 1956-cı ildən uşaqlarla bağlı daha bir gün, BMT tərəfindən təsis olunan 20 noyabr – Dünya Uşaq Günü də qeyd olunur.

 

Tarixdəki olaylar

 

1 iyun 1939 – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) görkəmli mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundovun adının verilməsi barədə qərar qəbul edib. Kitabxana 1923-ci mayın 23-də indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında fəaliyyətə başlamışdı. 1961-ci ildə indiki binasına (arxitektor M.Hüseynov) köçüb. 1962-ci ildə binada M.F.Axundovun büstü (heykəltəraş İ.Zeynalov) qoyulub.  

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

1 iyun 1804 –Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804 – 15.2.1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.

 

1 iyun 1850 – Türk yazıçısı Şəmsəddin Sami (1850 – 1.7.1904) anadan olub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin tərtibçisidir.

 

1 iyun 1920 – Azərbaycanın Xalq artisti Raxil Solomonovna Ginzburq (1920 – 6.12.1995) Bakıda doğulub. Dövlət Rus Dram Teatrının aktrisası (1943-cü ildən) olub.

 

1 iyun 1926 – Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe – əsl adı Norma Jean Mortenson; 1926 – 4.8.1962) anadan olub.

 

1 iyun 1929 – Hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

1 iyun 1936 – Xalq artisti, dirijor Nəriman Abbasqulu oğlu Əzimov (1936 – 19.11.2016) Gəncədə doğulub. Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

 

1 iyun 1940 – Əməkdar rəssam Ənvər Əsgər oğlu Əsgərov (1940–2014) Qəbələ rayonunda anadan olub. Abşeronun koloriti, sənaye mənzərələri ilə bağlı tabloların, natürmortların müəllifidir.

 

1 iyun 1943 – Əməkdar mədəniyyət işçisi Arif İzzət oğlu Həbibi (1943 – 21.1.2021) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında rejissor assistenti, dublyaj rejissoru, Dublyaj şöbəsinin müdiri işləyib.

 

1 iyun 1944 – Əməkdar artist Mübariz Əlixan oğlu Paşayev (1944 – 31.8.2006) Zəngilan rayonunda doğulub. İrəvan, Gənc Tamaşaçılar teatrlarının aktyoru olub, filmlərdə (“Qərib cinlər diyarında”, “Dantenin yubileyi” və s.) çəkilib.

 

1 iyun 1950 – Əməkdar artist Tanilə Aysayevna Əhmərova (1950 – 4.8.2015) Bakıda anadan olub. Filmlərdə yaddaqalan obrazlar yaradıb: “Sevinc buxtası” (Leyla), “Qayınana” (Sevda) və s. 

 

1 iyun 1953 – Əməkdar artist Ömür Məlik oğlu Nağıyev (1953 – 31.12.2013) anadan olub. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə Teatrında, Rus Dram Teatrında çalışıb.

Hazırladı: Vüqar Orxan