Tarixdəki olaylar

 

27 aprel 1906 – Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti – I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycanda seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular. Dumaya beş azərbaycanlı deputat – Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdi. 448 nəfərlik Dumada 36 müsəlman deputat vardı. Müsəlman fraksiyasına Ə.Topçubaşov rəhbərlik edirdi.

 

27 aprel 1920 – Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi. Bolşevik rəhbərliyi – Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Cümhuriyyət Parlamentinə ultimatum verib. Parlament gərgin müzakirələrdən sonra axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərinə heç birinə əməl etmədilər.

 

27 aprel 1992 – Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr qurulub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

27 aprel 1878 – Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə; 1878–1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.

 

27 aprel 1940 – Folklorşünas alim, professor Bəhlul Ağabala oğlu Abdulla (1940–2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.

 

27 aprel 1951 – Əməkdar artist, tanınmış kamança ifaçısı Ədalət Səfərəli oğlu Vəzirov (1951 – 5.10.2002) anadan olub. Moskvada Beynəlxalq musiqi müsabiqəsinin (1974) qalibi olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) müəllim işləyib.

 

27 aprel 2007 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927 – 2007) vəfat edib. M.Rostropoviçin Bakıda doğulduğu və uşaqlıq illərinin keçdiyi ev muzey kimi fəaliyyət göstərir.

 

27 aprel 2020 – Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, Əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfov (25.12.1931 – 2020) vəfat edib.

Hazırladı: Vüqar Orxan