Vəfatının 10-cu ildönümündə

İnsanların dünyaya gəlişi təsadüfi deyil. Hər bir insan dünyaya bir alın yazısı ilə, bir missiyanı, vəzifəni həyata keçirmək üçün gəlir. Onların öhdəsindən hər insan gəlməyi bacarmır. Qorumaq, onları nəsildən-nəslə ötürmək, təbliğ etmək ən çətin və məsuliyyətli işlərdəndir.

Bu işləri doğma, çox sevdiyi biri üçün etmək isə nəinki məsuliyyət, eyni zamanda fədakarlıq tələb edir.

Belə fədakar insanlardan biri Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, Azərbaycan professional vokal sənətinin banisi dahi Bülbülün (1897–1961) həyat yoldaşı idi.

Ada (Adelaida Məmmədova; 1922–2015) xanımın "həyatının nağıl dövrü" adlandırdığı 23 il boyunca yaşadığı evdə 1976-cı ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Bülbülün Memorial Muzeyi yaradıldı. 1977-ci ildə Ada xanım muzeyin direktoru vəzifəsinə təyin olundu və muzey artıq toplama işlərinə başladı. Bülbüllə həyatının ən gözəl illərini keçirdiyi evi öz əlləri ilə muzey kimi qurub-yaratdı. 1982-ci ildə iyun ayının 10-da Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı oldu.

Ümummilli Liderimiz dəfələrlə muzeydə olmuş, həm Bülbülə, həm də onun ailəsinə daim diqqət və qayğı göstərmişdir. Ada xanım öz xatirələrində qeyd edirdi: “Biz onunla çoxdan tanış idik. 1940-cı illərin sonunda indiki Şəhriyar adına mədəniyyət sarayında konsert idi. Bizə hündür, yaraşıqlı oğlan yaxınlaşdı. Bülbülə “professor” deyə müraciət etdi və bildirdi ki, Bülbülün ifa etdiyi bütün əsərləri, xüsusilə də “Koroğlu” operasını əzbər bilir. Dəfələrlə izləməyinə baxmayaraq onu dinləməkdən doymadığını bildirdi. Bülbül isə onu növbəti tamaşasına dəvət etdi. Heydər Əliyev hər zaman bizə dəstək olurdu. Muzeyin yaradılmasına xüsusi diqqətlə yanaşırdı. Şuşada, Bülbülün doğulduğu və böyüdüyü ev məhz onun təşəbbüsü ilə muzeyə çevrildi. O evdə başqa ailə yaşayırdı. Heydər Əliyevin tapşırığı ilə ailəyə Şuşada ən yaxşı iki ev verildi. Şərait yaradıldı.. Və biz muzeyin ekspozisiyasını qurmağa başladıq... "

Bülbülün Bakıda ömrünün sonunadək yaşayıb-yaratdığı mənzil 1937-ci ildə məhz mədəniyyət və incəsənət xadimlərinə verilmiş binada yerləşir. Burada Bülbüllə qonşuluqda Süleyman Rüstəm, Məmməd Səid Ordubadi, Qəmər Almaszadə, Adil İsgəndərov kimi görkəmli şəxsiyyətlər yaşamışlar. Hər biri ilə xatirələri olan Ada xanım bu evdə qonaq olan doğmalarını tez-tez xatırlayırdı. O, gənc bəstəkarların, yazıçıların tez-tez evin qonağı olduğunu, onların daim Bülbüllə məsləhətləşdiyini vurğulayırdı.

Evin daimi qonaqlarından, Ada xanımın ən çox xatırladığı görkəmli bəstəkarımız Fikrət Əmirovdan danışa bilərik. O, hələ gənc ikən simfonik muğam janrının əsasını məhz Bülbülün təşəbbüsü ilə qoymuşdur. "Şur" və "Kürd-ovşarı" simfonik muğamları Bülbülün evində – iş otağında bu gün muzeyin dəyərli eksponatlarından olan pianoda yaradılmışdır.

Ada xanım onların dostluğunu bu cür xatırlayırdı: "Şur" və "Kürd-ovşarı" simfonik muğamları yazılıb qurtarandan sonra Fikrət Moskvaya uçmalı idi. Dirijor Rojdestvenski onu gözləyirdi. Fikrət təşviş içində bizə gəldi. Hələ nə baş verdiyini bilməyən Bülbül "Sən burada nə gəzirsən? Moskvada olmalı idin" deyib narahatlıq keçirdi. Fikrət notları itirmişdi. Bülbül dərhal çıxış yolu axtarmağa başladı. Xoşbəxtlikdən simfonik muğamların qaralamaları bizdə idi. Bülbül tapşırıq verdi və altı nəfər notköçürən bütün gecəni işlədilər. O biri gün səhər hər iki partitura hazır idi. Fikrət Moskvaya uçdu və elə bundan sonra onun simfonik muğamlarının zəfər yürüşü başladı...".

Ada xanımın hər zaman xatirində olan şəxslərdən biri də Niyazi idi: "Niyazigil ilə biz çox yaxın dost idik. Ailə kimi olmuşduq. Niyazinin ad günü avqustun 20-i, mənimki isə 22-i idi. Ayın 20-dən qonaqlıq başlayırdı. Düz üç gün davam edirdi. Gündüzlər bağda, axşamları da şəhərdə ad günlərimizi qeyd edirdik. Həm bizdə, həm də onlarda çox xatirələrimiz olub. Bülbülün ölümü Niyaziyə çox pis təsir etmişdi. Uzun müddət bununla barışa bilmədi...".

Ən xoş xatirəsində belə Bülbüldən danışarkən Ada xanım göz yaşlarını saxlaya bilmirdi. Demək olar ki, hər gün onu xatırlayır, “elə bilirəm indi əlində notlarla o otaqdan (iş otağını nəzərdə tuturdu) çıxacaq” deyirdi. Biz muzey əməkdaşları da dəfələrlə o qapıya necə həsrətlə baxdığının şahidi olmuşduq.   

Bir sıra xatirələrini bölüşərdi bizimlə. Onun sadəliyi, təvazökarlığı, yardımsevərliyi bizdə xüsusi bir məhəbbət, inam yaratmışdı. Hər zaman gənclərə dəstək olmağa çalışır, gənc nəslin yeniliklərə açıq olduğunu deyirdi.

Onun dəstək olduğu gənclərdən biri də mən oldum. Ada xanımla ilk tanışlığım 2012-ci ilin yay aylarına təsadüf edirdi. İlk görüşdən onun güvənini, etimadını qazanmağın çox çətin olduğunu anlamışdım. Lakin çox qısa zaman ərzində yaranmış səmimi münasibət, bağlılıq bu məhdudiyyəti aradan qaldırmışdı. Təcrübəli dost kimi həm həyatı, həm də muzeyi bizə öyrədirdi.

Ada xanımı canlı əfsanə kimi kəşf etmək, həmçinin Bülbülün yaşadığı dövrü əhatə edən arxivdə tanıma xoşbəxtliyi hər adama qismət olmur. Arxivdə araşdırma apararkən qarşıma çıxan müxtəlif sənədlər sübut edir ki, Ada xanım təkcə Bülbülün həyat yoldaşı deyil, eyni zamanda onunla çiyin-çiyinə bu çətin yolu gedən sirdaşı, elmi işlərini icra edən katibi olub.

Bülbülün arxivində bir neçə sənəd var ki, işlərinin həll olunması üçün bütün səlahiyyətləri Ada xanıma etibar edib. Bu etibarnamələr, həmçinin elə Bülbülün adından Ada xanımın əl yazısı ilə yazılan məktublar çox söz deyir. Muzeydə qorunub saxlanılan 9000-dən çox eksponatın hərəsi bir tarix danışır.

Ada xanımın öz əlləri ilə qurub-yaratdığı muzey Bülbülə olan sevgisini tərənnüm edir. İllər ötür, zaman sürətlə axıb gedir, amma Bülbül də, onun vəfalı yarı da ölməz olaraq qalır. Sanki onlar ömürlərinin ən gözəl illərini keçirdikləri bu evdə əbədiyyətə qovuşublar.

Artıq 10 ildir ki, Ada xanım aramızda olmasa da, əmanət qoyub getdiyi muzey, Bülbül irsi onun vəsiyyət etdiyi kimi qorunub saxlanır. Muzey var olduqca, Bülbül də, onun fədakar xanımı da əbədi olaraq yaşayacaqlar.

 

Fərqanə Cabbarova

Bülbülün Memorial Muzeyinin direktoru