26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının (World Intellectual Property Organization – WIPO) təşəbbüsü ilə təsis edilib.

 

Tarixdəki olaylar

 

26 aprel 1828 – İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə – Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza – İrəvan xanlığına köçürüldü.

 

26 aprel 1966 – Özbəkistanın paytaxtı Daşkənddə güclü zəlzələ olub. 7,5 bal gücündə zəlzələ nəticəsində şəhərdə 30 mindən artıq tikili qismən və tamamilə dağılmışdı. İnsan tələfatı barədə nə o vaxt, nə də sonra konkret rəqəm açıqlanmadı.

 

26 aprel 1986 – Ukraynada Çernobıl AES-in 4-cü blokunda nüvə reaktorunun partlaması nəticəsində tarixin ən dəhşətli texnogen qəzası baş verib. Öldürücü radiasiya buludu Ukrayna, Belarus və Rusiyanın bir sıra bölgələrinə yayılıb. AES-in 30 kilometr radiusunda əhali köçürülüb, həmin ərazi “ölü zona” elan edilib. Çernobıl qurbanlarının dəqiq uçotu aparılmasa da, ötən müddətdə ölümcül şüalanma nəticəsində on minlərlə insan vəfat edib.

 

26 aprel 2001 – İstanbulda türkdilli dövlət (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) başçılarının 7-ci zirvə görüşü (1992-ci ildən etibarən) keçirilib. Azərbaycan tərəfi sammitin yekun sənədinə Ermənistanın işğalçılığını pisləyən bənd təklif etsə də, Orta Asiya liderləri sənədi siyasiləşdirmək istəmədiklərini əsas gətirərək onu qəbul etməyiblər.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

26 aprel 1798 – Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix; 1798–1863) anadan olub. “Barrikadada azadlıq”, “Xiosda qətliam” və s. tarixi tabloların müəllifidir.

 

26 aprel 1886 – Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886–1913) anadan olub.

 

26 aprel 1898 – İspan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1977) Visente Aleysandre (Vicente Aleixandre y Merlo; 1898 – 14.12.1984) anadan olub.

 

26 aprel 1908 – Görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (1908 – 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanları, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir. BDU-nun professoru olub.

 

26 aprel 1947 – Kinorejissor, Əməkdar incəsənət xadimi Gülbəniz Yusif qızı Əzimzadə (1947 – 7.12.2006) Bakıda anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “Avqust gələndə”, “Ötən ilin son gecəsi”, “Qətl günü” və s.

 

26 aprel 2021 – Əməkdar artist, müğənni Baloğlan Xanoğlan oğlu Əşrəfov (8.10.1951 – 2021) vəfat edib.

Hazırladı: Vüqar Orxan