Tarixdəki olaylar

 

25 aprel 1918 – Bakıda bolşevik hökuməti – S.Şaumyanın sədrliyi ilə “Xalq Komissarları Soveti” yaradılıb. Tarixə “26 Bakı komissarı” adı ilə düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirməli idi. “Bakı Kommunası”nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi.

 

25 aprel 1919 – Azərbaycanın cənub bölgəsində bolşeviklərin təhriki ilə rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Qiyamçılar bölgəni “Muğan Sovet Respublikası” elan ediblər. Qiyam iyul ayında Cümhuriyyət qüvvələri tərəfindən yatırıldı.

 

25 aprel 1997 – Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub. Avropa Mədəniyyət Konvensiyası 1954-cü il dekabrın 19-da Avropa Şurasında qəbul olunub. 22 aprel 1997-ci il tarixdə Milli Məclis ölkəmizin konvensiyaya qoşulması barədə qanun qəbul edib. Prezident Heydər Əliyev tərəfindən imzalanan qanun 25 apreldə dərc olunaraq qüvvəyə minib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

25 aprel 1905 – Ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 – 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Rus ədəbiyyatından  tərcümələr edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.

 

25 aprel 1911 – Əməkdar artist, müğənni Elmira Ağa qızı Axundova (1911 – 26.11.1998) Bakıda anadan olub. Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb.  

 

25 aprel 1914 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (1914 – 25.11.1994) Şəkidə doğulub. 1935-ci ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor (1950–52) işləyib, tamaşalara quruluş verib. “Dəli Kür”, “Gözlə məni”, “Qəm pəncərəsi” və s. filmlərdə çəkilib.

 

25 aprel 1914 – Türk şairi, yazıçı-dramaturq Sabahattin Kudret Aksal (1920 – 19.4.1993) İstanbulda doğulub.

 

25 aprel 1928 – SSRİ Xalq artisti Yuri Vasilyeviç Yakovlev (1928 – 30.11.2013) anadan olub. Filmləri: “İdiot”, “Qusar balladası”, “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

 

25 aprel 1942 – Əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev (1942 – 14.4.2020) Gəncədə doğulub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru olub.

 Hazırladı: Vüqar Orxan