Tarixdəki olaylar

 

24 aprel 1877 – Rusiya Qafqazda və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Savaş bir il sürdü. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini (Qars, Ərdahan), habelə Osmanlının nəzarətində olan Bessarabiyanın (indiki Moldova ərazisi) bir hissəsini özünə birləşdirdi.

 

24 aprel 1955 – İndoneziyanın Bandunq şəhərində 29 Afrika və Asiya ölkəsini bir araya gətirən konfrans (aprelin 18-də başlamışdı) müstəmləkəçiliyə və irqçiliyə son qoyulmasını tələb edən bəyannamənin qəbul edilməsi ilə başa çatıb. Bandunq Bəyannaməsi ilə Qoşulmama Hərəkatının əsası qoyulub.

 

24 aprel 2004 – Kipr adasında yunan və türk icmalarının iştirakı ilə vahid konfederativ dövlətin qurulmasını ehtiva edən “Annan planı” (BMT-nin baş katibi Kofi Annanın adı ilə) üzrə referendum keçirilib. Kipr türklərinin qəbul etdiyi plan yunan tərəfin rədd etməsi nəticəsində gerçəkləşmədi. Kipr yunanlarının beynəlxalq sülh təşəbbüsünə qarşı çıxmasına rəğmən adanın bu bölümü (Cənubi Kipr) Avropa İttifaqına qəbul edildi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

24 aprel 1845 – İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845–1924) anadan olub.  Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”.

 

24 aprel 1866 – Yazıçı-publisist, maarif xadimi Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866–1942) Şamaxıda doğulub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.

 

24 aprel 1902 – SSRİ Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 – 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

24 aprel 1941 – Əməkdar artist Rafiq Mirzəcan oğlu Hüseynov (1941–2018) Hacıqabul rayonunda doğulub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə çəkilib.

 

24 aprel 1945 – Əməkdar artist Elxan Məmməd oğlu Qasımov (1945 – 29.5.2023) Naxçıvan şəhərində anadan olub. “Əhməd haradadır?”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib. “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib.

 

24 aprel 2011 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921 – 2011) vəfat edib. 1940-cı illərdə Cənubi Azərbaycanda milli hərəkatda iştirak edib, Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub.

Hazırladı: Vüqar Orxan