23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günüdür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO tərəfindən dünya ədəbiyyatının görkəmli nümayəndələri – eyni gündə (23 aprel 1616-cı il) vəfat etmiş ingilis şair-dramaturqu Vilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqanın xatirəsinə ehtiram olaraq təsis edilib.

 

Tarixdəki olaylar

 

23 aprel 1920 – Mustafa Kamal Atatürkün başçılığı altında Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk toplantısı açılıb. TBMM-in yaradılması ilə Türkiyədə yadelli işğalçılara qarşı Qurtuluş savaşı mühüm mərhələyə qədəm qoyub. Cümhuriyyət qurulandan sonra Atatürkün tövsiyəsi ilə 23 aprel Türkiyədə “Milli Suverenlik və Uşaq Bayramı” (Ulusal Egemenlik Çocuk Bayramı) elan edilib.

 

23 aprel 1996 – Prezident Heydər Əliyev Brüsseldə Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması barədə təqdimat sənədini imzalayıb.

 

23 aprel 1999 NATO-nun Vaşinqton sammitində keçmiş sosialist ölkələri Çexiya, Polşa və Macarıstanın alyansa qəbulu mərasimi keçirilib. NATO-nun Şərqə doğru genişlənməsi başlanıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

23 aprel 1616 – İngilis şairi və dramaturqu Vilyam Şekspir (William Shakespeare; 26.4.1564 – 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Makbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.

 

23 aprel 1616 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra; 29.9.1547 – 1616) vəfat edib. Əsərləri: “Don Kixot”, “Persiles və Sigizmunda” və s.

 

23 aprel 1616 – Peru yazıçısı, tarixçi İnka Qarsilaso de la Veqa (Inca Garcilaso de la Vega; 12.4.1539 – 1616) vəfat edib.

 

23 aprel 1891 – Rus bəstəkarı Sergey Prokofyev (1891–1953) anadan olub. Əsərləri: “Hərb və sülh” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.

 

23 aprel 1902 – İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldór Kiljan Laxness; 1902 – 8.2.1998) аnаdаn оlub. Əsərləri: “İsland zınqırovu”, “Qaytarılmış cənnət”.

 

23 aprel 1909 – Yazıçı-publisist Səməd Ağaoğlu (Səməd Əhməd bəy oğlu Ağayev; 1909 – 6.8.1982) Bakıda doğulub. Atası Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olub, Cümhuriyyətin süqutundan sonra ailəsi Türkiyəyə mühacirət edib. Səməd Ağaoğlu Türkiyə Böyük Millət Məclisinin üzvü, Baş nazirin müavini, nazir olub.

 

23 aprel 1923 – Türk şairi Əhməd Arif (1923 – 2.6.1991) anadan olub. Bir çox şeirlərinə mahnılar bəstələnib.

Hazırladı: Vüqar Orxan