İyulun 4-də Lənkəran-Astara RMİ-nin tabeliyindəki Masallı Tarix-Diyarşünaslıq Muzeyində elmi-praktik seminar keçirilib.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə birgə təşkil edilən seminarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Salyan Regional İdarəsinin Masallı rayon şöbəsinin əməkdaşları, arxeoloqlar, tarixçilər, mədəniyyət işçiləri iştirak ediblər.
Muzeyin direktoru Əntiqə Tağıyeva son illərdə bölgənin qədim keçmişini əks etdirən arxeoloji tapıntılar haqqında danışıb.
Sonra Şimali Kipr Türk Cümhuriyyətinin Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru, arxeoloq Latife Summerer "Atropatenada küp məzarları" adlı mühazirəsini təqdim edib. O, 2023-cü ildə Masallı rayonunun Eminli ərazisində aşkarlanan nekroloq-küp qəbri ilə bağlı apardığı araşdırmalar haqqında məlumat verib.
Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə Azərbaycan tarixi həqiqətlərinin müxtəlif dillərdə yayımlanması əhəmiyyətini xüsusi vurğulayıb.
Muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova və Eminli kənd sakini, küp qəbrini ilk tapan Röyal Abbaslı da tədqiqatçılara minnətdarlıq edərək gələcəkdə aşkarlana biləcək bu cür tapıntılara doğru yanaşmağın vacibliyini qeyd ediblər.
Seminar iştirakçıları Eminli kənd ərazisində tapılan, muzeydə sərgilənən materiallarla tanış olublar.
Nurəddin