
Milli Kitabxanada görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilovun (1925–2019) 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Kitabxanadan bildirilib ki, sərgidə alimin əsərləri, ali məktəblər üçün dərs vəsaitləri, tərcümələri, tərtib etdiyi, ön söz yazdığı, redaktoru, rəyçisi və məsləhətçisi olduğu kitablar, həyatı və elmi-bədii yaradıcılığı, pedaqoji və tərcüməçilik fəaliyyəti haqqında ədəbiyyatlar nümayiş olunur.
Pənah İmran oğlu Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olub. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxuyub, ADU-nun filologiya fakültəsini bitirib (1948). Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) vəzifələrində çalışıb.
Pənah Xəlilovun iki cildlik “SSRİ xalqları ədəbiyyatı”, professor Mir Cəlal Paşayevlə birlikdə yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, 1994-cü ildə nəşr olunmuş “Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı” kitabları bu gün də alim və tələbələrin müraciət etdiyi dəyərli elmi mənbələrdir.
Professor Pənah Xəlilov “Əhməd Yəsəvi”, “Ukraynanın böyük Kobzarı”, “Kitabi-Dədə Qorqud-intibah abidəsi”, “"Əli və Nino" problemləri”, “Dostluğun gücü”, “Nəsrimizin üfüqləri” və s. sanballı əsərlərin müəllifidir. Bədii tərcümə sahəsində ciddi xidmətləri var. Servantesin “Don Kixot” və Herodotun “Tarix” əsərlərinin tərcüməsi (rus dilindən) bu sahədə yaradıcılığında xüsusi yer tutur.
2019-cu ilin 16 avqustunda dünyasını dəyişib. Görkəmli alim haqqında 2010-cu ildə Arif Əmrahoğlu “Professor Pənah Xəlilov” adlı monoqrafiya yazıb.