Qazax-Tovuz RMİ Şəmkir rayon MKS-nin təşkilatçılığı ilə Azərbaycan və İsrail Yazıçılar birliklərinin üzvü, şair, publisist Simax Şeydanın (1936–2024) anadan olmasının ildönümü münasibətilə “İki xalqın şairi – Simax Şeyda işığında” adlı tədbir keçirib.
MKS-nin direktoru Sahibə Əmiraslanova bildirib ki, Simax Şeyda harada yaşamasından asılı olmayaraq həmişə Azərbaycanın təəssübünü çəkib, respublikamızın fəal təbliğatçısı olub. Şairin 24 kitabı işıq üzü görüb, onlardan 11-i uşaqlar üçündür.
Digər çıxış edənlər yəhudi olan şairin hər iki dildə yazıb yaratdığı şeirlərindəki vətənpərvərlik motivləri, poeziyamızın nümunələrinin yəhudi dilinə çevirib, kitab nəşr etdirməsi barədə danışıblar.
Qeyd edilib ki, Simax Şeyda keçmiş SSRİ-nin "Əmək veteranı" medalına layiq görülüb. Azərbaycan Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib.
Sonra şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Məktəblilər Simax Şeydanın şeirlərindən nümunələr söyləyiblər.
Əhməd Cavad adına Şəmkir rayon Mədəniyyət Mərkəzinin musiqi heyəti şairin sözlərinə yazılmış mahnılar ifa edib. Şairin kitablarından ibarət “Oğuzda izim var mənim” adlı sərgi də təşkil edilib.
Nurəddin