Əməkdar artist Ramil Qasımovun dahi Bülbülün miras qoyduğu Azərbaycan vokal məktəbinin ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə yaratdığı Bülbül Vokal Məktəbi ilk məzunlarını yola salıb.

Bülbül Vokal Məktəbi 2023-cü ildə yaradılıb və Azərbaycanda ödənişsiz əsaslarla fəaliyyət göstərən yeganə belə tədris ocağıdır.

İndiyədək məktəbə yüzlərlə müraciət olsa da, yalnız müsabiqədən keçən tələbələrə 2 il ərzində mütəmadi olaraq vokal dərsləri tədris edilib. Bu müddət ərzində Bülbül Vokal Məktəbinin tələbələri bir sıra tədbirlərdə, konsert proqramlarında, festivallarda çıxış ediblər.

Bülbülün Memorial Muzeyində keçirilən mərasimdə məktəbin təsisçisi və direktoru Əməkdar artist Ramil Qasımov və müəllim, Əməkdar artist İnarə Babayeva tədrisi uğurla başa vurmuş tələbələrə məzun diplomlarını təqdim edib, təbriklərini və xoş arzularını bildiriblər.

Ramil Qasımov qeyd edib ki, bu məktəb tələbələr üçün böyük bir uğur yolunun başlanğıcıdır. Eyni zamanda o, yeni tələbələrin seçimi üçün yaxın günlərdə müsabiqənin elan olunacağını deyib.