ADY-nin beynəlxalq dəhlizlərin inkişafında rolu

Azərbaycanın çox zəngin intellektual potensialı və misilsiz xammal ehtiyatları, Avropadan Asiyaya gedən yolda əvəzedilməz coğrafi mövqeyi onun dünya birliyində sanballı yer tutmasına imkan verir. Avropa ilə Asiya arasındakı körpü, Böyük İpək Yolunun bərpası ölkəmiz qarşısında intensiv inkişaf üfüqləri açır. Öz coğrafi mövqeyimizə görə biz misilsiz imkanlara malikik.

Prezident Heydər Əliyevin 25 il öncə, Azərbaycanın XXI əsrə və yeni minilliyə doğru strateji inkişaf hədəfləri işığında xalqa ünvanlandığı proqram xarakterli müraciətindən bu sözlər indi – ölkəmizin təkcə Şərq-Qərb (qədim İpək Yolu) deyil, həm də Şimal-Cənub yollarının qovuşduğu məkan kimi dünyanın diqqətində olduğu zamanda xüsusi önəm ifadə edir.

Bu gün geniş Avrasiya coğrafiyasında və ondan kənarda onlarla ölkənin maraq göstərdiyi və artıq beynəlxalq leksikonda yeni adı ilə – Orta Dəhliz kimi işlənən nəqliyyat yolları şəbəkəsində Azərbaycan mühüm mövqeyə sahibdir. O cümlədən dəmir yolları infrastrukturunda görülən işlər sayəsində bu mövqe hər ötən il daha da güclənir. Tarixi İpək Yolu polad magistrallarla davam edir və “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkələri bir-birinə bağlayan bu dəhlizin aparıcı iştirakçısıdır. ADY-nin Orta Dəhliz boyunca tərəfdaşları ilə qurduğu qarşılıqlı səmərəli fəaliyyət ölkəmizə həm iqtisadi, həm də geosiyasi dividentlər qazandırır.

Bu günlərdə (2-5 iyun) Münxendə (Almaniya) keçirilən və ADY-nin xüsusi stendlə qatıldığı “Transport Logistic 2025” sərgisi bu baxımdan daha bir önəmli fürsət olub. ADY sədri Rövşən Rüstəmovun sərgi çərçivəsində Çin, Bolqarıstan, Avstriya, Almaniya kimi ölkələrin nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşlərindəOrta Dəhlizin potensialının gücləndirilməsi, ölkəmizin bu istiqamətində addımları müzakirə olunub, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri, şirkətin fəaliyyətində tətbiq etdiyi yeniliklər və s. diqqətə çatdırılıb.

Onu da qeyd edək ki, Almaniya hökumətinin dəstəyi ilə iki ildən bir təşkil edilən və bu dəfə 73 ölkədən iştirakçı, 100-dən çox ölkədən ziyarətçi qəbul edən “Transport Logistic” sərgisi dünyada bu sahə üzrə ixtisaslaşmış ən böyük platformadır. Almanların Şərq-Qərb nəqliyyat dəhlizinə xüsusi marağının tarixi isə əsrlər öncəyə gedib çıxır.

Böyük Karlın arzusu Azərbaycanda reallaşdı... 

“Bir vaxtlar Böyük Karl (IX əsrdə Avropada imperiya qurmuş alman əsilli hökmdar – V.O.) da İpək Yolu barədə düşünmüşdü” – AFR Prezidenti Roman Hersoq bunu 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşdə demişdi. Heydər Əliyev də zarafatla cavab vermişdi ki, Böyük Karl ağıllı adam olub ki, o vaxtlar bu barədə fikirləşib, indi biz onun planını həyata keçiririk.

Bu, Avropa İttifaqının dəstəyi və iştirakı ilə Qafqaz və Mərkəzi Asiya ölkələri üçün regional logistika – TRACECA proqramının (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi –Transport Corridor Europe-Caucasus-Asia) gündəmə gəldiyi dövr idi. İki il sonra, 1998-ci ilin 7-8 sentyabrında Bakıda Avropa və Asiyanın 32 ölkəsinin təmsil olunduğu, o cümlədən 13 ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi tarixi toplantı – TRACECA layihəsi üzrə beynəlxalq konfrans keçirildi. Layihənin işçi orqanı – katibliyi də bir müddət sonra (2001) Bakıda fəaliyyətə başladı.

Heydər Əliyev uzaqgörən siyasəti və böyük idarəçilik səriştəsi ilə Azərbaycanı dünyaya inteqrasiya yoluna həm də, sözün həqiqi mənasında, polad relslər üzərində çıxardı.

“Bu, bizim üçün tarixi hadisədir, eyni zamanda Azərbaycanın Şərq ilə Qərbi, Avropa ilə Asiyanı birləşdirməsi üçün çox gərəkli olduğunu, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlərinin nəticəsini göstərir. Bakı konfransı XXI əsr üçün yeni böyük bir proqram açır. Güman edirəm ki, XXI əsrdə bu proqram genişlənəcək, inkişaf edəcəkdir. Biz çalışmalıyıq ki, bundan sonra da öz rolumuzu göstərə bilək”, – deyə o, layihənin strateji əhəmiyyətindən danışarkən bildirmişdi.

BTQ: biz bunu bacardıq

Azərbaycan XXI əsrə beynəlxalq nəqliyyat şəbəkəsinin kilid ölkələrindən biri kimi daxil oldu. Qarşıda ölkənin dünya logistika xəritəsində yerini möhkəmlədəcək yeni layihələr vardı. Onlardan ən mühümü Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu idi. Bu, təkcə Transqafqaz miqyaslı logistika layihəsi deyildi, eyni zamanda siyasi əhəmiyyəti iqtisadi mahiyyətindən az olmayan, təcavüzkar Ermənistanı regional müstəvidə dalanda saxlayan təşəbbüs idi.

Təsadüfi deyil ki, gündəmə gəldiyi vaxtdan ona qarşı çıxanlar az deyildi. Amma 2005-ci ildə (may) Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri tərəfindən niyyət bəyannaməsi imzalanan, 2007-ci ildə (noyabr) təməli qoyulan BTQ bütün maneələrə rəğmən reallaşdı. 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Ələt qəsəbəsi) Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan və Özbəkistanın dövlət və hökumət başçılarının, eləcə də Tacikistan və Türkmənistan nümayəndələrinin iştirakı ilə dəmir yolu açıldı.

“Bakı–Tbilisi–Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bir çoxları bu yolun tikintisinə inanmırdılar. Ancaq biz sübut etdik ki, güclü iradə, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür”, – deyə Prezident İlham Əliyev BTQ-nin açılış mərasimində bildirmişdi.

Azərbaycanın Şərqdən Qərbə və Şimaldan Cənuba doğru nəqliyyat dəhlizləri üzərində yerləşməsi bizim üçün tarixən mühüm coğrafi üstünlük olub. Lakin onu real və uzunmüddətli səmərəyə çevirmək, eyni zamanda bu yollara potensial istifadəçi ölkələri cəlb etmək üçün məqsədyönlü siyasət və praktik addımlar gərəkdir. Ölkə rəhbərliyinin bu sahəyə prioritet önəm verməsi və xüsusilə son illər ADY-nin beynəlxalq tranzit yük axınını artırmaq üçün mövcud yol infrastrukturunun modernləşdirilməsi, həmçinin beynəlxalq tərəfdaşlarla aktiv iş apararaq dəhlizlərin funksionallığının artırılması istiqamətində fəaliyyəti bu məqsədə xidmət edir.

ADY-nin təşəbbüsləri və Orta Dəhlizin qolları

Nəticə olaraq 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb, o cümlədən tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton olub. Bunun 3,2 milyon tondan çoxu Şərq-Qərb marşrutu (Orta Dəhliz) üzrə daşınan yüklərdir.

Orta Dəhlizin formalaşdığı 2017-ci ildən onun aktiv iştirakçısı olan ADY eyni zamanda bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının formalaşdırılması üzrə əsas təşəbbüskar tərəfdir.

Orta Dəhlizin əsas komponentlərindən olan və tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin edən BTQ xəttinin imkanlarının genişləndirilməsi bu təşəbbüslərdən biridir. 2024-cü ildə yolun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və BTQ ilə illik yükaşırma həcmi 5 milyon tona çatdırılıb.

Bununla yanaşı, 2024-cü ildə (sentyabr) Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılması məqsədilə Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması işlərinə başlanılıb. ADY-nin iştirak etdiyi dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında üçtərəfli (“Middle Corridor Multimodal” LTD) və ikitərəfli (“BTKI Railways” LLC) birgə müəssisələr yaradılıb.

2020-ci ilin tarixi Zəfəri Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinə (2016) daha bir yolu – Zəngəzur dəhlizini əlavə edib. Bu istiqamətdə polad magistralın mühüm hissəsi  – 110,4 kilometrlik Horadiz-Ağbənd xəttinin tamamlanması, eləcə də Naxçıvan Muxtar Respublikası (MR) və Türkiyə arasında yeni dəmir yolunun çəkilməsi, Naxçıvan MR ərazisində mövcud yolun modernləşdirilməsi və muxtar respublika ilə Azərbaycanın digər hissəsi arasında qatar nəqliyyatının təmin edilməsindən sonra Orta Dəhlizin daha bir qolu formalaşacaq.

ADY-nin beynəlxalq tərəfdaşlarla işbirliyi nəticəsində Orta Dəhliz vasitəsilə konteyner daşımalarının həcmi də ildən-ilə artır. 2024-cü ilin mart ayında Çinin Sian şəhərindən Bakıya 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit potensialında yeni mərhələ açıb. 2024-cü ildə dəmir yolu ilə Çindən Azərbaycana 287 blok-qatar, 2025-ci ilin ilk dörd ayında isə 165 blok-qatar artıq qəbul edilib. İlin sonunadək 600-dən çox blok-qatarın qəbulu gözlənilir.

Şimal-Cənub dəhlizi və digər yollar

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan təkcə Şərq-Qərb nəqliyyat yolları şəbəkəsinin deyil, böyük perspektivləri olan Şimal-Cənub dəhlizinin də kilid ölkəsidir. Şimali Avropa və Rusiyadan Azərbaycan və İran üzərindən keçməklə Hind okeanı sahilindəki limanlara qədər yükdaşımalarını təmin edəcək Şimal-Cənub dəhlizi ölkəmizin həm tranzit imkanlarını, həm də qeyd olunan coğrafiya üzrə ölkələrlə bilavasitə nəqliyyat bağlantılarını artıracaq. Bu dəhlizin reallaşması üçün Azərbaycan, qonşu ölkələrlə əməkdaşlığı davam etdirməklə bərabər, özünün şimal və cənub istiqamətlərində mövcud nəqliyyat infrastrukturunu da yeniləyir.

ADY Şimal-Cənub dəhlizinin tərkib hissəsi olan Sumqayıt-Yalama xəttində (167,7 km) yenidənqurma işləri tamamlayıb (2024), Astara stansiyasından İran ilə sərhədə qədər 8,3 km xətt çəkilib və Astaraçay üzərində dəmir yolu körpüsü inşa olunub.

Bundan əlavə, ADY Şimal-Cənub dəhlizinin mühüm komponenti olan Astara terminalının (İran ərazisində) tikintisi üzrə əsaslı işlər görür. 2025-ci ilin əvvəlinə tikinti-quraşdırma işlərinin 72 %-i başa çatdırılıb. Astara terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Şimal-Cənub dəhlizinin hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb. Ox üzrə uzunluğu 245 km olan yolda işlər 4 mərhələdə həyata keçirilir və 2028-ci ilədək yekunlaşması planlaşdırılır.

ADY-nin iştirak etdiyi və ölkəmiz üçün mühüm olan transmilli nəqliyyat istiqamətlərindən biri də Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan marşrutudur. Şirkət bu istiqamətdə də tərəfdaşlarla dialoq içindədir. Bu yaxınlarda (may) ADY sədri Rövşən Rüstəmovun Pakistanın dəmir yolları üzrə dövlət naziri Bilal Azhar Kayani ilə görüşündə iki ölkə arasında yük dövriyyəsinin artırılması və sözügedən marşrut üzrə konteyner daşımalarının təşkili imkanları müzakirə olunub.

ADY tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi–Zirə–Gürgən–Zirə dəniz limanı dəmir yolu xətti (21 km) yenidən qurulub, Gürgən və Zirə limanı arasında 9 km uzunluğunda yeni xətt çəkilib. 2025-ci yanvarında Zirə limanından ilk dəfə dəmir yolu ilə tranzit yüklərin daşınmasına başlanılıb.

Etibarlı tərəfdaşlıq və yeni hədəflər

Bu gün Azərbaycan, digər sahələrdə olduğu kimi, nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. Bu tərəfdaşlıq ölkə ərazindən həm təhlükəsiz, həm də sərfəli yükdaşıma imkanlarını ehtiva edir.

Prezident İlham Əliyev aprel ayında Pekinə səfəri zamanı Çinin CGTN telekanalına müsahibəsində bunu bir daha diqqətə çatdırıb: “Biz Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşirik və hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Ancaq həqiqətən tranzit ölkəyə çevrilmək üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Zənnimcə, biz buna nail olmuşuq. Düşünürəm ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq”.

Ulu öndər Heydər Əliyevin 25 il öncə dediyi sözlərin davamı kimi, Azərbaycan coğrafi imkanlarını praktik müstəvidə realizə edərək XXI əsrin Avrasiyası üçün özünün qabaqcıl rolunu artıq sübuta yetirib. Bundan sonrakı hədəf Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaqla Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsidir. ADY-nin 2024-cü ildə təsdiq edilmiş “2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri” də bunu hədəfləyir. Bu strategiya sənədinin reallaşması ADY-nin böyük yubileyinə, 150 illiyinə töhfə olacaq.

Hələliksə təqvimdə 2025-ci ildir və 1880-ci ildə 20 km-lik Bakı-Suraxanı dəmir yolu ilə başlanan tarix 145 il sonra Şərqdən Qərbə, Şimaldan Cənuba min kilometrlərlə polad magistralın Azərbaycanda qovuşması ilə davam edir...

Vüqar Orxan

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur