İstanbul Bahçeşehir Universiteti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan tar ifaçılığı üzrə tədrisə başlayır. Bu məqsədlə universitetdə tar bölməsi yaradılacaq.

Layihə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə Bahçeşehir Universiteti arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Universitetin tar bölməsində Azərbaycan musiqi tarixi, xalq musiqimizin əsasları, instrumental muğam ifaçılığı, Azərbaycan musiqisinin müxtəlif simli və nəfəs alətlərində ifa texnikasının tədrisi planlaşdırılır. Tar dərslərini Ankara Qazi Universitetinin doktorantı, “Azərbaycan rüzgarı” muğam üçlüyünün üzvü, tarzən Pərviz Musayev keçəcək.

Sözügedən bölmənin Azərbaycanın aidiyyatı tədris ocaqları ilə əlaqələr qurması, habelə AMM-nin layihəsi ilə il ərzində tar sahəsi üzrə tanınmış mütəxəsislərin iştirakı ilə ustad dərslərinin təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl Bahçeşehir Universiteti Konservatoriyasının Pera səhnəsində AMM-nin layihəsi ilə “Azərbaycan rüzgarı” qrupu tərəfindən milli musiqi alətimizin olan tarın təqdimatı keçilirib.