20 iyun Azərbaycanda qaz təsərrüfatı işçilərinin peşə bayramı günüdür. Prezident İlham Əliyevin 12 iyun 2006-cı il tarixli sərəncamı ilə təsis olunub.
Tarixdəki olaylar
20 iyun 1747 – Türk soylu İran şahı Nadir şah Əfşar (1688–1747) sui-qəsd nəticəsində öldürülüb. Nadir sonuncu Səfəvi hökmdarı III şah Abbasın ordu komandanı olub. 1736-cı ildə III şah Abbasın ölümündən sonra Suqovuşanda (indiki Sabirabad rayonu ərazisində) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. Nadir şah Səfəvilərdən sonra güclü Azərbaycan dövləti qurmaq istəyirdi. Lakin onun Azərbaycanı İran taxtı ətrafında birləşdirmək niyyəti yerlərdə etiraz doğururdu. Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu imperatorluq ölümündən sonra dağıldı.
20 iyun 1971 – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda ilk hərbi tədris müəssisəsinin – Cəmşid Naxçıvanski adına hərbi məktəbin təşkil olunması barədə qərar qəbul olunub. 1973-cü ildə fəaliyyətə başlayan hərbi məktəb Azərbaycanda milli zabit kadrların hazırlanmasında müstəsna rol oynayıb.
20 iyun 1992 – Azərbaycanla Estoniya (ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 20-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
20 iyun 1819 – Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach; 1819–1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.
20 iyun 1898 – Xalq artisti Əli Mirzə oğlu Qurbanov (1898 – 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə burada başlayıb, 1925-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. “Qızmar günəş altında”, “Bir qalanın sirri” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
20 iyun 1914 – Əməkdar mədəniyyət işçisi, aşıq Əmrah Paşa oğlu Gülməmmədov (1914–1987) Marneuli rayonunun Araplı kəndində doğulub.
20 iyun 1915 – Xalq artisti Süleyman Ağababa oğlu Ələsgərov (1915 – 10.12.1998) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında çalışıb. “Bizim Cəbiş müəllim”, “Bəxtiyar”, “Babamızın babasının babası” və s. filmlərdə çəkilib.
20 iyun 1921 – Bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 – 25.3.1992) Bakının Balaxanı kəndində doğulub. “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, “Azad”, “Xanəndənin taleyi” operaları, mahnıların müəllifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərinə musiqi yazıb.
20 iyun 1921 – Əməkdar artist, tanınmış tarzən, pedaqoq Firidun Yusif oğlu Ələkbərov (1921 – 9.11.2021) Gəncədə anadan olub.
20 iyun 1922 – Tanınmış aktyor, rejissor Salman Yusif oğlu Dadaşov (1922 – 20.9.1986) anadan olub. Filmlərdə (“Onun böyük ürəyi”) çəkilib, Sumqayıt teatrının direktoru olub.
20 iyun 1924 – Biblioqraf, ədəbiyyatşünas, Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, professor Nazim Fərrux oğlu Axundov (1924–1994) Şuşa şəhərində anadan olub.
20 iyun 1932 – Rus şairi Robert Rojdestvenski (1932–1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub” (poemalar) və s.
20 iyun 1936 – Tanınmış uşaq yazarı, şair-dramaturq Simax Barux oğlu Yuşvayev (Simax Şeyda; 1936 – 12.2.2024) Oğuz rayonunda doğulub. Dağ yəhudisidir, əsərlərini Azərbaycan dilində yazıb. Almaniyada vəfat edib.
Hazırladı: Vüqar Orxan