İyunun 18-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli teatr rejissoru, Xalq artisti, Dövlət mükafatı laureatı, Bakı Musiqi Akademiyasının professoru Gülcahan Güləhmədova-Martınovanın (1925-2018) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Gülcahan Güləhmədova-Martınovanın ailəsi tərəfindən təşkil olunub. Kurator qismində Ağdəs Bağırzadə çıxış edib.
Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova qeyd edib ki, muzeydə belə əlamətdar tədbirlərin keçirilməsindən məmnundur. O, Gülcahan Güləhmədova-Martınovanın ailəsinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib və qeyd edib ki, “Muzeydə musiqi” layihəsi çərçivəsində keçirilən tədbirlər xoş təəssürat yaradır. Məhz bu kontekstdə Azərbaycanın görkəmli teatr xadiminin 100 illik yubileyi burada qeyd edilir.
Tədbirin təşkilatçıları Şirin Məlikovaya Gülcahan Güləhmədova-Martınova haqqında kitab hədiyyə ediblər.
Gülcahan Güləhmədova-Martınova Azərbaycan mədəniyyəti tarixində ilk qadın teatr rejissorudur. Tədbirdə onun parlaq yaradıcılıq irsindən ətraflı söz açılıb.
Əməkdar jurnalist, Gülcahan Güləhmədova-Martınovanın həyat və yaradıcılığından bəhs edən “Nə yaxşı ki, o var” kitabının müəllifi Nadejda İsmayılova əsərinin qəhrəmanı ilə bağlı xatirələrini bölüşüb.
Xalq artistləri, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı truppasının aktyorları, Güləhmədova-Martınovanın rejissorluq istedadı sayəsində aktyorluq peşəsinə bir növ vəsiqə qazanmış Lyudmila Duxovnaya və Məbud Məhərrəmov da xatirələrini dilə gətiriblər. Qeyd olunub ki, görkəmli rejissor Rus Dram Teatrının səhnəsində 70-dən çox tamaşa qoyub.
2014-2015-ci illərdə Gülcahan Güləhmədova-Martınova ilə Bakı Musiqi Akademiyası nəzdindəki Opera studiyasında çalışmış pianoçu Yuliya Kərimova və digər çıxışçılar vurğulayıblar ki, onun yaradıcılıq ənənələri yubiley gecəsinin konsert proqramında iştirak edən tələbələrinin də timsalında davam edir.
Gecənin musiqili hissəsində Xalq artisti, Almaniyanın Mannheym Milli Teatrının solisti Əvəz Abdullayev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Əməkdar artistlər Səbinə Əsədova, Fəridə Məmmədova, Fərid Əliyev, Afaq Abbasova, Anton Ferştandt və İlham Nəzərovun ifaları təqdim olunub. Onları fortepianoda Əməkdar artist İlahə Sadıxzadə və beynəlxalq müsabiqələr laureatı Daniil Kirilov müşayiət ediblər.
Konsertdə C.Verdinin “Traviata” və “Otello”, N.Rimski-Korsakovun “Çar gəlini”, F.Əmirovun “Sevil”, E.Şossonun “Gecə” və “Mənim ürəyim, oyan” operalarından fraqmentlər səsləndirilib.
Gülcahan Güləhmədova-Martınovanın yaxın qohumu, fizika-riyaziyyat elmləri doktoru Samirə Qəhrəmanova tədbirin bütün iştirakçılarına təşəkkür edib.