AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, satirik şair Qasım bəy Zakirin (1784–1857) həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.

“Qasım bəy Zakirin bədii irsi” adlı sessiyanı institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov açaraq bildirib ki, şairin ədəbi irsi hələ sağlığında şöhrət qazanıb, onun yaradıcılığı dövrün görkəmli ziyalıları tərəfindən yüksək qiymətləndirilib.

Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Raqub Kərimov, şöbənin əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva, elmi işçi Sevinc Muxtarova, böyük laborant Nərmin Cəlilova və redaktor Vəfa Şərifova mövzu üzrə məruzələrində Qasım bəy Zakirin Azərbaycan ədəbiyyatında mövqeyi, əlyazma irsi, qeyri-mətbu şeirləri və satirası, eləcə də Azərbaycan-rus ədəbi əlaqələrindəki rolundan bəhs ediblər.

Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimova məruzələr ətrafında çıxış ediblər.

Sonda şairin bədii irsini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış olub.