Bir neçə ay əvvəl metronun “Gənclik” stansiyasının yaxınlığında istifadəyə verilən yeni park artıq paytaxt sakinlərinin, qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib. Burada təşkil olunan kütləvi tədbir və konsertlər parkı gənclər üçün daha cəlbedici edir.
Bakı Şəhər İcra Hakimiyyətinin Humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi “Yeni park gənc rəssamların gözü ilə” adlı tədbir-sərgi də həmin məkana həsr olunub.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb.
Sərgidə Rəssamlıq Akademiyası tələbələrinin yeni parka həsr olunan 40-dan çox əl işi nümayiş etdirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, akademiyanın prorektoru Xalq rəssamı Səlhab Məmmədov, “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Aqşin Oruclu, gənc rəssam Sevinc Gəncəliyeva sərginin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, rəsm əsərlərində parkın özəlliklərinin xüsusi olaraq vurğulanması barədə danışıblar. Digər parklarda da bu kimi sərgilərin maraqla qarşılanacağı qeyd olunub.
Tələbələrin əl işləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib. Fatimə Əliyeva birinci, Leylahon Nurmetova ikinci, Sevinc Gəncəliyeva, Nigar Qasımova, Aydan Qurbanova və Narın Zeynalabduyeva isə üçüncü yerə layiq görülüblər.
Sərginin qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.