Lənkəran şəhər Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan konsert keçirilib.
Regionlararası mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyan tədbir Mil-Muğan və Lənkəran-Astara regional mədəniyyət idarələrinin (RMİ) birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti, Mil-Muğan RMİ, Lənkəran-Astara RMİ və digər qurumların rəsmiləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov Milli Qurtuluş Gününün müasir tariximizdəki əhəmiyyətindən danışıb, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi böhranın aradan qalxdığını, sabitliyin və inkişafın əsasının qoyulduğunu vurğulayıb.
Sonra Mil-Muğan RMİ-nin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllim heyəti, Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış konsert proqramı təqdim olunub.
Saatlı rayon “Adıgün” folklor kollektivi tərəfindən maraqlı rəqs kompozisiyaları da nümayiş olunub.
Sonda Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev çıxış edərək konsert proqramının təşkilində göstərdiyi dəstəyə görə Lənkəran-Astara RMİ-yə, tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.
Lənkəran-Astara RMİ tərəfindən qonaq heyətə təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.
Nurəddin