İyunun 10-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirilib.
Layihənin “Dialoq və ünsiyyət” rubrikasına aid olan tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.
Səbail rayonu 7 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə gerçəkləşən maarifləndirici tədbir uşaqların hüquqi biliklərini artırmaq və onlara bullinqə qarşı düzgün davranış yolları barədə məlumat vermək məqsədilə təşkil edilib.
Kitabxana əməkdaşı iştirakçılara “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verib və mövzu ilə əlaqədar resursları əhatə edən təqdimat edib. Təqdimatda bullinq və onun fəsadları, uşaqların təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunulub.
Şagirdlər diskussiyalarda fəal iştirak edərək, bullinqin qarşısının alınması və uşaq hüquqlarının qorunması ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Sonda şagirdlərə kitabxananın “Göy qurşağı” jurnalı hədiyə edilib.