Mayın 27-də Cəlil Məmmədquluzadənin Ev-Muzeyində Abdulla Şaiqin Mənzil-Muzeyi ilə birgə “Azərbaycan ədəbiyyatında dövlət rəmzlərinin tərənnümü” adlı tədbir keçirilib.
Muzeydən bildirilib ki, tədbir “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar təşkil olunub. Məqsəd Azərbaycan ədəbiyyatında dövlətçilik ideyalarının, suverenlik anlayışının və milli rəmzlərin bədii əksini önə çəkmək, vətənpərvərlik ruhunu təbliğ etmək, klassik və müasir ədəbiyyat nümunələri vasitəsilə milli kimliyi və dövlət rəmzlərini gənc nəslə tanıtmaqdır.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aparıcı Nurxanım Əskərova bayrağın dövlət rəmzi kimi əhəmiyyətindən danışıb.
Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin direktor əvəzi Yeganə Məmmədova Azərbaycan dövlətinin indiyədək keçdiyi şərəfli yol nəzər salıb.
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə xalqımızın maariflənməsi, rifahı yolunda mübarizə aparan ədiblərimizin gördüyü işlərdən danışıb. Mənzil-muzeyin əməkdaşı Günel Əsədova isə Abdulla Şaiq və Cəlil Məmmədquluzadənin yaradıcılığında vətənpərvərlik motivlərindən söz açıb.
Tədbir bədii proqramla davam edib.
Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.