İyunun 1-i dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Əlamətdar gün Beynəlxalq Demokratik Qadınlar Federasiyasının 1949-cu ildə Parisdə keçirilən konqresində təsis olunub.
Bu gün ölkəmizdə də geniş şəkildə qeyd olunur, mədəniyyət ocaqlarında müxtəlif səpkili tədbirlər keçirilir.
Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) uşaqlar üçün maraqlı tədbirlər təşkil olunacaq. İyunun 1-də saat 10:00-da AMİM, Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin birgə əməkdaşlığı ilə plener təşkil olunacaq. Plener zamanı fiziki məhdudiyyətli uşaqlar kollecin müəllim və tələbələrinin rəhbərliyi ilə rəsmlər çəkəcək, həmçinin rəngkarlıq üzrə müxtəlif yaradıcı tapşırıqları icra edəcəklər.
Saat 12:00-da "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı proqram çərçivəsində mühazirə, tematik ekskursiya və ustad dərsi kimi maarifləndirici və yaradıcı məzmunlu tədbir olacaq.
Saat 14:30-da Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə “Uşaqların nağıl dünyası” adlı əyləncəli, musiqili proqram keçiriləcək. Bu proqramda uşaqları interaktiv səhnələr, maraqlı oyunlar və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə səhnə performansları gözləyir.
“Muzeydə musiqi” layihəsi çərçivəsində isə “Sabahın rəngləri” adlı klassik musiqi proqramı təqdim olunacaq. Saat 16:00-da keçiriləcək tədbirdə istedadlı musiqiçilərin Fərəh Əliyeva, Camal Əliyev, Ayşən Umudova və Nuray Quliyevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
“Muzeydə kino” layihəsi çərçivəsində isə saat 17:00-da “Onun ürəyi” filmi nümayiş olunacaq.
Nurəddin