Milli Kitabxanada 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir və elektron məlumat bazasının təqdimatı keçirilib.

Kitabxanadan bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, 1918-ci ilin 28 mayında qurulan Azərbaycan Xalq Cümhuriyyəti bir çox ilklərə imza atıb. O dövrdə elm, təhsil, dövlətçilik və bir çox sahələrdə ciddi addımlar atılıb, eləcə də bu gün fəaliyyət göstərən Azərbaycan Milli Kitabxanasının özülü, yaranması haqqında ilk qərarlar da məhz onda verilib.

O bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi istiqamətində ciddi addımlar atıb.

Ümummilli lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmləndirib. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda dalğalanır.

Bu gün Milli Kitabxananın da Azərbaycanın reallıqlarının dünyada təbliği istiqamətində öz üzərinə düşən məsələləri yerinə yetirdiyini söyləyən direktor elektron məlumat bazalarının hazırlanması və 3 dildə dünyaya yayınlanmasının bu istiqamətdə vacib addımlardan biri olduğunu vurğulayıb.

Milli Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova 2021-ci ildə kitabxanada “Qarabağa kitabla gedək” layihəsi həyata keçirildiyini söyləyərək Ağdam, Laçın və Xankəndində qurulan yeni kitabxanaların kitabla təmin olunduğunu bildirib.

Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “28 May – Müstəqillik Günü” adlı elektron məlumat bazasının təqdimatı olub.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Cumhuriyyet/ linkindən istifadə edə bilərlər.

Sonda “28 May – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisinə baxış keçirilib.

***

Respublika Gənclər Kitabxanasında 28 May – Müstəqillik Günü ilə əlaqədar silsilə materiallar – “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır...” adlı biblioqrafik icmal, “Müstəqillik günü-milli mübarizə tariximiz” adlı videomaterial və ənənəvi kitab sərgisi hazırlanıb.

Bu barədə kitabxanadan məlumat verilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qurucularından bəhs edilir. Burada ilk müsəlman Şərqində demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, foto şəkillərlə yanaşı, Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında da ətraflı məlumat verilir. Videomaterial kitabxananın saytında (https://www.ryl.az/multimedia/milli-mubarize-tariximizyerləşdirilib.

Kitabxananın saytında (https://www.ryl.az/funds/biblioqrafik-icmal) yerləşdirilən biblioqrafik icmalda Ulu öndər Heydər Əliyevin və onun layiqli varisi, Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəyərli fikirləri, Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununun tam mətni, Dövlət Müstəqilliyinin bərpası və qorunub saxlanılmasının tarixi haqqında məlumat, Azərbaycanın dövlət müstəqilliyinə dair 50-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və bu mövzu ilə əlaqədar dövri mətbuatda çıxan məqalələrin siyahısı verilir.

Respublika Gənclər Kitabxanasında “28 may – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən kitablar, dövrü mətbuat materialları yer alıb