Tarixdəki olaylar

 

27 may 1918 – Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları Tiflisdə fövqəladə iclas keçirərək Azərbaycanın müvəqqəti Milli Şurasını yaradıblar. Azərbaycanın ilk parlamenti kimi fəaliyyətə başlayan 44 nəfərlik Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə (“Müsavat”), müavini Əhməd bəy Ağayev, İcraiyyə Komitəsinin (hökumətin) sədri isə Fətəli xan Xoyski (bitərəf) seçilib.

 

27 may 1992 – Azərbaycan Parlamenti “Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun qəbul edib. 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəylinin şair Əhməd Cavadın sözlərinə yazdığı "Azərbaycan marşı" Dövlət Himni kimi təsdiq edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

27 may 1840 – İtalyan bəstəkarı və skripkaçısı Nikkollo Paqanini (27.10.1782 – 1840) vəfat edib.

 

27 may 1906 – Xalq artisti, teatr rejissoru Soltan Baba oğlu Dadaşov (1906 – 7.9.1969) Bakıda anadan olub. Opera və Balet Teatrında quruluşçu rejissor işləyib, Aşqabad teatrında M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya qoyub.

 

27 may 1906 – Yazıçı-dramaturq Şəmsəddin Bəhlul oğlu Abbasov (1906–1975) Xızı rayonunun Sayadlar kəndində doğulub. Opera və Balet Teatrının, Bakı kinostudiyasının direktoru olub, kinossenarilər yazıb.

 

27 may 1926 – Xalq şairi, nasir Söhrab Tahiri (Söhrab Əbülfəz oğlu Tahiri; 1926 – 4.5.2016) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına köçüb. Poemalar, roman və povestlər müəllifidir. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.

 

27 may 1956 – Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 – 1956) vəfat edib. 20-dən çox poemanın, “Vaqif”, “Fərhad və Şirin” və s. mənzum dramların, dillər əzbəri olan şeirlərin müəllifidir.

 

27 may 2008 – Əməkdar incəsənət xadimi Elşad Heybət oğlu Quliyev (23.1.1941 –2008) vəfat edib. 1983–1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib.

Hazırladı: Vüqar Orxan