Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi və Şamaxı rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə ədəbi-bədii tədbir keçirilib.
Açıq hava altında keçirilən tədbirdə Dağlıq Şirvan RMİ-nin rəisi Vasif Qurbanzadə, Şamaxı rayon icra başçısının müavini Mehriban Eyubova, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti, müəllimlər, tələbə-gənclər, ədəbiyyatsevərlər iştirak ediblər.
Çıxış edənlər Bəxtiyar Vahabzadənin zəngin yaradıcılıq irsindən bəhs ediblər. Bildirilib ki, Bəxtiyar Vahabzadənin poeziyası milli düşüncənin, ictimai vicdanın səsi kimi bu gün də aktuallığını itirməyib.
Ədəbiyyatsevərlər tərəfindən şairin sevilən şeirləri səsləndirilib. Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdləri tərəfindən hazırlanan “Bəxtiyar Vahabzadə və kitabları” adlı rəsm sərgisi xüsusi maraq doğurub.
Dağlıq Şirvan RMİ-nin “Eşq” ansamblının ifasında Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib.