İmişli rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Birinci Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.
Kitabxananın direktoru Hürü Şirinova tarixi romanlar və çoxsaylı hekayələrin müəllifi Hacı Qəni Camalzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Müəllif yaradıcılıq yolundan, üzərində çalışdığı yeni əsərlərdən danışıb, ədəbiyyatın, yazıçı sözünün cəmiyyətə təsirinin önəmini vurğulayıb.
Digər çıxış edənlər yazıçının qələmə aldığı əsərlərin ictimai əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Hacı Qəni Camalzadə real həyat hadisələrinə söykənən, oxucunu düşündürən və cəmiyyətə dərin mesajlar verən əsərləri ilə oxucu kütləsinin rəğbətini qazanıb.
Sonda iştirakçılar yazıçıya yeni yaradıcılıq uğurları arzulayıblar.
***
Astara rayon Mərkəzi Kitabxanasında isə şair Şahid Cövziyevin (Astaralı) "Tanrı sovqatım" kitabının təqdimatı keçirilib.
Kitabxananın direktoru əvəzi Emil Baxşıyev bildirib ki, “Tanrı sovqatım" kitabı müəllifin oxucularla ikinci görüşüdür. Şairin bundan öncə "Vətən həsrəti" adlı kitabı işıq üzü görüb.
Şahid Astaralı qeyd edib ki, yeni kitabında toplanan şeirlərinin əsas qayəsi vətənpərvərlik, yurda bağlılıq, milli dəyərlərə ehtiramdır.
Digər çıxışçılar şairin söz dünyasına rəng qatan şeirləri barədə fikirlərini bölüşüblər.
Məktəblilər "Tanrı sovqatım" kitabından "Ana", "Vətənimdir", "Vətən boyda şəhidlər", "Müəllim ömrü" şeirlərini səsləndiriblər.
Nurəddin