Tarixdəki olaylar

 

26 may 1827 – Rusiya-İran müharibəsi (18261828) gedişində rus qoşunları Azərbaycan torpaqlarında cənuba doğru irəliləyərək Naxçıvanı işğal ediblər. Bundan sonra Rusiya ordusu İrəvan xanlığını, ardınca isə Təbriz, Urmiya və Ərdəbili də ələ keçirdi. Müharibə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə başa çatdı.

 

26 may 1918 – Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin mümkün olmadığını bildirərək federasiyadan çıxıb. Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub. Həmin gün Gürcüstan Demokratik Respublikası elan edilib. İki gün sonra (28 may) Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi.

 

26 may 1922 – Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

26 may 1822 – Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt; 1822–1896) anadan olub. Yazıçı Jül de Qonkurun böyük qardaşıdır. Fransanın ədəbiyyat üzrə Qonkur mükafatı onların şərəfinə təsis edilib.

 

26 may 1877 – Azərbaycanın tanınmış maarifçi-alimi Mirzə Məhəmmədəli Tərbiyət (1877 – 17.1.1940) Təbrizdə doğulub. Şəhərdə yeni tipli “Tərbiyət” mədrəsəsi və kitabxana açıb. Azərbaycan mədəniyyəti tarixini əhatə edən “Danişməndani-Azərbaycan” ensiklopedik toplusunun müəllifidir.

 

26 may 1894 – Ədəbiyyatşünas, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894–1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqində aktiv fəaliyyət göstərib, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Repressiya qurbanıdır.

 

26 may 1904 – Türk şairi və mütəfəkkiri, yazıçı-publisist Nəcib Fazil Qısakürək (1904 – 25.5.1983) İstanbulda anadan olub.

 

26 may 1914 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 – 3.10.1996) Füzuli şəhərində anadan olub. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Hökmdar və qızı” və s.) müəllifidir.

 Hazırladı: Vüqar Orxan