Tarixdəki olaylar
22 may 1990 – Yəmən Ərəb Respublikası (Şimali Yəmən) və Yəmən Xalq Demokratik Respublikası (Cənubi Yəmən) birləşib, vahid Yəmən Respublikası yaranıb. Ərəbistan yarımadasında yerləşən Yəmən XVIII əsrdən Osmanlının nəzarətində idi, 1839-cu ildə Britaniya protektoratlığına keçmişdi. 1918-ci ildə Şimali Yəmən, 1967-ci ildə Cənubi Yəmən müstəqillik qazanmışdı.
22 may 1994 – Beynəlxalq birlik Yuqoslaviyanın parçalanması faktını tanıyıb. Bosniya və Herseqovina, Xorvatiya və Sloveniya BMT-yə qəbul edilib.
22 may 2002 – Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavel Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Bakıya gəlib. Bu, dünya katoliklərinin liderinin müsəlman ölkələrinə etdiyi azsaylı səfərlərdən biri idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
22 may 1813 – Alman bəstəkarı, dramaturq Rixard Vaqner (Wilhelm Richard Wagner; 1813 – 13.2.1883) anadan olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya).
22 may 1859 – İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle; 1859 – 7.7.1930) anadan olub.
22 may 1888 – Yazıçı, maarif xadimi Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev; 1888 – 28.1.1944) Göyçay mahalının Potu kəndində anadan olub. 1939-cu ildə Orta Asiyaya sürgün edilib, orada dünyasını dəyişib.
22 may 1918 – SSRİ Xalq artisti, görkəmli rejissor, teatrşünas, professor, Dövlət mükafatı laureatı Mehdi Əsədulla oğlu Məmmədov (1918 – 28.1.1985) Şuşada doğulub. Gəncə Dram, Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib.
22 may 1928 – Xalq rəssamı Nadir Sadıq oğlu Qasımov (1928 – 10.3.2000) Bakıda anadan olub.
22 may 1937 – Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə (1937 – 3.5.2014) Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” baletləri, kantata, simfoniya və digər janrlarda əsərlərin müəllifidir. Filmlərə (“Tütək səsi”, “Sizi dünyalar qədər sevirdim”) musiqi yazıb.
22 may 2024 – Türkoloq, tərcüməçi, filologiya elmləri doktoru, professor Ramiz Baxşəli oğlu Əskər (10.1.1954 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan