21 may Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günüdür (World Day for Cultural Diversity for Dialogue and Development). BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur.

 

Tarixdəki olaylar

 

21 may 1805 – Rusiya-İran müharibəsi (1804–1813) gedişində Şəki xanlığının Rusiyaya birləşdirilməsinə dair ikinci Kürəkçay müqaviləsi bağlanıb. Şəki hakimi Səlim xan və Rusiyanın Qafqaz qoşunlarının komandanı general Sisianov tərəfindən imzalanan müqaviləyə əsasən, ruslar xanlığa nisbi özünüidarə vəd etmişdi. Mayın 14-də bağlanan birinci Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı da eyni vədlə Rusiyaya ilhaq edilmişdi.

 

21 may 1988 – SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında münaqişəni sahmanlamaq üçün hər iki respublikanın rəhbərlərini dəyişdirib. Sov. İKP MK-nın tövsiyəsi ilə Ermənistan KP MK-nın plenumunda 1-ci katib Karen Dəmirçyan, Azərbaycan KP MK-nın plenumunda isə 1-ci katib Kamran Bağırov  vəzifəsindən kənarlaşdırılıb. Azərbaycan rəhbərliyinə (KP MK-nın 1-ci katibi) Ədbürrəhman Vəzirov,  Ermənistan rəhbərliyinə isə Suren Arutyunyan gətirilib.

 

21 may 1992 – Azərbaycanla Şri-Lanka dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 12-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

21 may 1471 – Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer; 1471 – 6.4.1528) anadan olub.

 

21 may 1922 – Şairə, dramaturq Cahan Hüseyn qızı Əfruz (Dilanova; 1922–1984) Tovuz rayonunda doğulub.

 

21 may 1928 – Azərbaycanın Əməkdar artisti, Rusiyanın Xalq artisti Tamilla Mirsüca qızı Ağamirova (1928 – 31.8.2021) Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. “Azərbaycanfilm” kinostudiyasında “Onun böyük ürəyi”, “Yenilməz batalyon” və s. filmlərə çəkilib.

 

21 may 2021 – Azərbaycanın, Rusiyanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Teymur oğlu Salahov (28.11.1928 – 2021) vəfat edib. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olub. Məşhur əsərləri: “Bəstəkar Qara Qarayevin portreti”, “Təmirçilər”, “Növbədən qayıdanlar”, “Səhər eşelonu” və s.

 Hazırladı: Vüqar Orxan