Tarixdəki olaylar

 

20 may 1972 – Qərbi və Şərqi Kamerun birləşərək unitar dövlətə çevrilib. Birinci Dünya müharibəsi zamanı Kamerun Fransa və Britaniya tərəfindən parçalanmışdı. 1960-cı illərdə iki ayrı dövlət müstəqillik qazanmışdı.

 

20 may 1920 – Bakıda Əli Bayramov adına Mərkəzi Qadınlar Klubu açılıb. Mədəniyyət müəssisəsi qadınlar arasında mədəni-maarif işinə mühüm töhfələr verib. Bir sıra tanınmış aktyor və müğənnilər sənətdə ilk addımlarını burada atıblar.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

20 may 1799 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 – 18.8.1850) anadan olub.

 

20 may 1804 – Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804 – 15.2.1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.

 

20 may 1882 – Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1928) Siqrid Unset (Sigrid Undset; 1882 – 10.6.1949) anadan olub.

 

20 may 1883 – Xalq artisti, vokalçı Konstantin Lvoviç Knijnikov (1883–1952) anadan olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

 

20 may 1888 – Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835 – 1888) vəfat edib. Azərbaycan şairlərinin tərcümeyi-halını və əsərlərindən nümunələri kitab (“Təzkirə”) şəklində nəşr etdirib.

 

20 may 1884 – Ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884–1941) Şəkidə anadan olub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.

 

20 may 1907 – Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Əli qızı Rzayeva (1907 – 2.8.1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Ögey ana”) çəkilib.

 

20 may 1920 – Tanınmış filosof, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Bahadur oğlu Göyüşov (1920-1984) Ağdam rayonunun Boyəhmədli kəndində anadan olub.

 

20 may 1923 – Cənubi Afrika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer; 1923 – 13.7.2014) anadan olub.

 

20 may 1929 – Folklorşünas alim Mürsəl İsmayıl oğlu Həkimov (1929–2006) Qazax rayonunun Kəmərli kəndində doğulub.

 

20 may 1940 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Atakişiyev (1940 – 27.9.2012) Füzuli rayonunda anadan olub. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.

 

20 may 2021 – Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov (18.7.1940 – 2021) vəfat edib.

Hazırladı: Vüqar Orxan